Beynəlxalq Böhran Qrupunun hesabatı qeyri-obyektivdir, siyasi xarakterlidir - TƏHLİL

8 Sentyabr 2010 02:14 (UTC+04:00)

Məlum olduğu kimi, hər zaman Azərbaycana qarşı qeyri-obyektiv mövqeyilə çıxış etmiş Beynəlxalq Böhran Qrupu ölkəmizlə bağlı növbəti əsassız hesabatını açıqlayıb. Əlbəttə ki, hesabatda yer almış fikirlərin siyasi xarakter daşıdığı o dəqiqə anlaşılır. Çünki, seçki öncəsi belə bir hesabatın dərc olunması və onun müxalifət mətbuatı vasitəsilə yayılması hansısa mənfi xüsusiyyətli hadisələrdən xəbər verir.

Bu baxımdandır ki, Azərbaycanın siyasi ekspertləri, partiyaları QHT-nin bu cür hesabat yayması ilə bağlı etirazlarını bildiriblər. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı məsələyə münasibət bildirərkən, deyib ki, Beynəlxalq Böhran Qrupunun Azərbaycan haqqında açıqladığı hesabatda deyilənlər onların xülyalarının məhsuludur. Bu hesabatdakı fikirlər heç bir fakta söykənmir. M.Qurbanlı bildirib ki, Azərbaycanda siyasi sabitlik və iqtisadi tərəqqi mövcuddur. Ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Onun sözlərinə görə, Beynəlxalq Böhran Qrupu adlanan təşkilatın arxasında dayanan dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq üçün bu tipli "təhlillər" ortaya qoyurlar.

YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycanda siyasi hakimiyyət milli maraqlara söykənən xətti ardıcıl olaraq həyata keçirir. Ölkəmiz bölgədə lider dövlətdir və əldə etdiyi uğurlar işğalçı Ermənistanı himayə edən dairələri narahat edir. "Sual olunur: Qeyd olunan hesabatı Beynəlxalq böhran qrupu adlanan qrum hazırlayarkən Azərbaycanda nə vaxt təhlil və tədqiqat aparıbdır. Həmin hesabatdakı bir sıra məlumatlar bəzi "bulvar qəzetlərin"də gedən şaiyə və dedi-qoduların başqa formada təzahürüdür. Əslində, qeyri-ciddi və obyektivlikdən uzaq olan bu tipli "hesabat"lar əhəmiyyətsiz və mənasız cəhdlərin nəticəsidir." - deyə M.Qurbanlı vurğulayıb.

Təşkilatın hesabatına Yeni Azərbaycan Partiyası da özünün kəskin reaksiyasını verib. Partiyanın saytında yerləşdirilmiş məlumatda bildirilir ki, Yeni Azərbaycan Partiyası sözügedən qurumun təqdim etdiyi hesabatın qeyri – obyektiv olduğunu bildirərək, burada təqdim olunan məlumatların müxalifət mətbuatından götürüldüyünü və faktiki olaraq, "hesabat" adı altında təqdim edildiyini xüsusi olaraq qeyd edir. Hesabatı vərəqlədikcə sanki mütəmadi olaraq öz səhifələrində ölkəmizin reallıqlarını məqsədli şəkildə və ardıcıl olaraq təhrif edən müxalifət mətbuatını oxuyursan. Lakin həyat Azərbaycanda bu cür yalan və böhtanlara inananların olmadığını dəfələrlə sübut edibdir. Buna görə də Yeni Azərbaycan Partiyası "Beynəlxalq Böhran Qrupu"nun ölkəmiz haqqında hazırladığı "Azərbaycan: həssas sabitlik" adlı hesabatı obyektiv hesab etməyərək pisləyir, qurumun rəhbərliyini qərəzli məlumatlar yaydığına görə qınayır və ümid edir ki, yol verilmiş yanlışlar tez bir zamanda aradan qaldırılacaqdır.

Ümumiyətlə, təşkilata qarşı olan bütün bu etirazlar haqlı sayılmalıdır. Çünki, Azərbaycanın işğala məruz qalması, 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, eyni zamanda, Ermənistanın Azərbaycana təcavüzü, həmin ölkədə dinc insanların güllə-baran edilməsi və s. haqqında bir kəlmə belə yazmır. Buradan da belə bir fikir hasil olur ki, BBQ hansısa dairələrin siyasi sifarişini həyata keçirir.

Məlum olduğu kimi, bir neçə gündən sonra Azərbaycanda parlament seçkilərinin keçirilməsinə start veriləcək. Bu baxımdan da, müəyyən narazılıqlar yaratmaq niyytində olan həmin qüvvələr bu cür QHT-lər vasitəsilə fəaliyyətə keçirlər. Amma düşünürük ki, bu cür təşkilatların Azərbaycanda hər hansısa narazılıq yaratmaq gücündə deyillər. Bu hesabat da digərləri kimi, əsassız olaraq qalacaq.