SMPDK-nin rəsmi internet səhifəsi yenilənib

8 Sentyabr 2010 01:08 (UTC+04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) rəsmi internet səhifəsi - www.azstand.gov.az saytı yenilənmiş formada istifadəyə verilib. Komitədən SİA-ya verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq saytda zəngin məlumatlar yerləşdirilmiş yeni bölmələr vardır. Texniki tənzimləmə, metrologiya, akkreditasiya, sertifikatlaşdırma, patent, keyfiyyətə nəzarət, hüquqi sənədlər mərkəzi bölmələri Komitənin fəaliyyət istiqamətlərinin bütün sahələrini əhatə edir. Bundan başqa sahibkarlıq subyektlərinin marağına səbəb olacaq "Standartlar Fondu" bölməsində Azərbaycan Respublikasının Dövlət standartlarının kataloqu yerləşdirilib. Bura daxil olmaqla axtarış sistemi vasitəsilə istənilən standartı əldə etmək mümkündür. "Xidmətlər" bölməsində Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş sınaq laboratoriyaların siyahısı vardır. Həmçinin bu bölmədə "Təhlükəli məhsulla bağlı müraciət" etmək imkanı yaradılmış, istehlakçılar tərəfindən aşkar olunmuş vaxtı keçmiş, keyfiyyətsiz məhsullarla bağlı müraciət forması əks olunub.

İstehlakçıların marağına səbəb olacaq bölmələrdən biri isə "Təhlükəli məhsul" bölməsidir. Komitənin Ərazi Dövlət Nəzarəti İdarələrinin keçirdikləri monitorinqlər zamanı aşkar olunmuş keyfiyyətsiz və təhlükəli məhsullar haqqında bu bölmədə operativ məlumatlar veriləcəkdir. Sayta həmçinin faydalı linklər daxil edilmiş, Komitənin nəşrləri haqqında məlumatlar qeyd olunmuş, xəbərlər bölməsi son xəbərlərlə zənginləşdirilib.

Hazırda saytın rus və ingilis dillərində olan versiyaları üzərində iş gedir, bu yaxınlarda onlar da istifadəyə veriləcəkdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat xidməti bütün istehlakçıları, sahibkarlıq subyektlərini, qurumun fəaliyyəti ilə maraqlanan şəxsləri, media nümayəndələrini sayta daxil olmağa və sayt vasitəsilə operativ məlumatlar almağa dəvət edir.