İltimas Məmmədov: “Nömrə daşınması ilə bağlı məsələyə ilin sonuna qədər yekun vurulacaq”

7 Sentyabr 2010 23:02 (UTC+04:00)
Nömrə daşınması ilə bağlı ilk növbədə hüququ baza yaradılmalıdır. SİA-nın xəbərinə görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib. O bildirib ki, nömrə daşınması ilə bağlı xüsusi qaydalar-necə daşınması, kimdən hansı şərtlərlə daşınması, kimdən necə qəbul olunması kimi qaydalarla bağlı layihə hazırlanıb. Onun sözlərinə görə, bununla bağlı operatorlarla müzakirələr aparılıb: "Operatorların rəyləri, fikirləri nəzərə alınıb. Ekspertlərlə həmin operatorların bununla bağlı fikirlərini aldıq. Artıq bu günlər layihənin son variantını aidiyyati qurumlara göndərməyi düşünürük. Ən uzağı qarşıdan gələn Ramazan bayramından sonra bu məktub rəsmi olaraq qaydaların qəbul olunması üçün göndəriləcək. Hüquqi baza yarandıqdan, aidiyyati qaydalar qəbul olunduqdan sonra nömrə daşınmasına qərar veriləcək. Düşünürəm ki, bu məsələyə cari ilin sonuna qədər yekun vurulacaq".