“İslahat” Seçki Bloku namizədlərin müəyyənləşdirilməsini yekunlaşdırıb

7 Sentyabr 2010 22:06 (UTC+04:00)

"İslahat" Seçki Bloku 125 seçki dairəsinin 95 faizində iştirak edəcək namizədləri müəyyənləşdirib. SİA-ya bu haqda blokun təmsilçilərindən biri Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin sədri Əjdər Əliyev deyib. Qalan dairələr üzrə də namizədlərin müəyyənləşməsi işinin davam etdirildiyini söyləyən Ali Məclis sədri bu işin bloka daxil olan partiyalara həvalə olunduğunu bildirib: "Artıq bütün dairələr partiyalar arasında bölüşdürülüb. Partiyalar ona həvalə olunan seçki dairələrdə namizədini müəyənləşdirməlidir. Yəni, bu məsələdə partiyalar arasında hansısa problem yoxdur".

 

Namizədlərin müəyyənləşməsi prosesində ümumi protokolların hazırlanmasının qaldığını qeyd edən Ə.Əliyev böyük ehtimalla sabah bu işin yekunlaşdırılacağını diqqətə çatdırıb. O, hər hansı bir gecikmə olarsa, ən geci sentyabr ayının 11-dən başlayaraq namizədlərin adlarının dairə seçki komissiyalara təqdim ediləcəyini dilə gətirib.

 

İctimai televiziyada ayrılacaq pulsuz efir vaxtı zamanı blok adından kimlərin iştirak edəcəyinə gəlincə, BQP Ali Məclisinin sədri bu məsələnin də blok daxilində qarşılıqlı razılaşmalar əsasında həll ediləcəyini bildirib: "Çox güman ki, blok adından partiya sədrləri çıxış edəcəklər. Mümkündür ki, bir sıra məsələlərlə bağlı partiyaların digər təmsilçiləri də çıxış etsin".