Səməd Seyidov: “BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnaməsinin müzakirə olunması erməniləri təşvişə salıb” - AÇIQLAMA

7 Sentyabr 2010 21:20 (UTC+04:00)
Beynəlxalq təşkilatlarda meydana çıxan hər bir sənəd çox vacib və əhəmiyyətlidir. Bu barədə SİA-ya BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərinə dair" sənədin qəbul olunması ilə bağlı məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O bildirib ki, BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" adlı qətnamənin üzə çıxması erməniləri təşvişə salıb. Onların belə şeylərdən çəkindiklərini deyən S.Seyidovun sözlərinə görə, ermənilər çox gözəl başa düşürlər ki, beynəlxalq hüquq nə deməkdir: "Onların mövqeyində beynəlxalq hüququ rədd etmək, qeyri-qanuni işğalçılığa hansısa don geyindirmək mümkün deyil. Ona görə də bu sənədin əhəmiyyəti çox vacibdir. Bu istiqamətdə işləmək o qədər də asan deyil. Həmin ölkələrlə iş qurmaq, münasibətlərini qazanmaq öz-özlüyündə əhəmiyyətlidir. Əminəm ki, bu istiqamətdə çox vacib işlər görüləcək".

S.Seyidov qeyd edib ki, beynəlxalq səviyyədə qəbul olunan bütün normativ aktlar Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir. Bu normativ aktların beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər, beynəlxalq qurumlar tərəfindən təklif olunmuş məsələlər olduğunu deyən millət vəkili bildirib ki, məhz bu çərçivədə Azərbaycanda bir neçə istiqamət üzrə düzgün və ciddi fəaliyyət təşkil olunub.