Azərbaycanın investisiya və ixrac imkanlarının təqdimatı keçirilib

7 Sentyabr 2010 04:20 (UTC+04:00)

Sentyabrın 6-da Bakı Biznes Mərkəzində Azərbaycanda səfərdə olan Meksika nümayəndə heyəti və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov və iş adamları iştirak ediblər.

Görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri Sahil Babayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılmış, ixrac imkanları genişlənib. Sahil Babayev meksikalı iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət edib.

Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatla çıxış ediblər.

Tədbirdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı, Meksikalı investorların Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirakı ilə bağlı fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində həmçinin, Azərbaycan haqqında film də nümayiş olunub.