Dünən Xəzər rayonunda Yeni Azərbaycan Partiyası İcra katibliyi tərəfindən seçki qərargahının üzvləri, YAP tərəfindən imza toplayanlar və seçki müşahidəçiləri üçün treninq keçirilib.
SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qarşıdan gələn parlament seçkilərinə görülmüş hazırlıq işlərindən danışıb: "Məlum olduğu kimi, rayon ərazisində 2 dairə seçki məntəqəsi mövcuddur. 13 saylı I dairə seçki məntəqəsində 32 məntəqə birləşir, 14 saylı II dairə seçki məntəqəsi isə özündə 31 məntəqəni ehtiva edir. Eyni zamanda, YAP seçki qərargahının Xəzər rayon şöbəsinin 15 nəfərdən ibarət üzvü seçilib".
Daha sonra YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, qanunvericiliyə uyğun olaraq, öz fəaliyyətini qurur, seçki qərargahının üzvləri, YAP tərəfindən imza toplayanlar və seçki müşahidəçiləri treninqlər, seminarlar keçirir.
Siyavuş Novruzov bildirib ki, seçki prosesində də seçki qərargahının üzvləri, YAP tərəfindən imza toplayanlar və seçki müşahidəçiləri üzərinə böyük iş düşür. Parlament seçkilərinin digər seçkilərdən fərqləndiyini söyləyən Siyavuş Novruzov deyib ki, mövcud Seçki Məcəlləsi, ölkədə yaradılmış şərait seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsinə imkan verir.
Sonra YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiya fəallarına tapşırıq və tövsiyələrini verib.