Bu gün ADP idarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər əsas müzakirə obyekti olub. Partiyadan SİA-ya verilən məlumata görə, idarə heyəti üzvləri ilk növbədə Rusiya prezidenti D.Medvedevin Azərbaycana səfərinin nəticələri ətrafında fikir mübadiləsi aparıb və bununla əlaqədar partiyanın mövqeyini əks etdirən bəyanat qəbul edib.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Demokrat Partiyası Rusiya prezidenti D.Medvedevin Rusiya ilə Ermənistan arasında müqavilə bağlandıqdan sonra dərhal Bakıya səfərindən Azərbaycan xalqının gözləntilərinə cavab verən nəticələr olmadığından təəssüfləndiyini bildirir. ADP hesab edir ki, Rusiya ilə Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı müqavilə su sərhədlərini əhatə etmədiyindən Rusiya ilə Azərbaycan arasında sərhəd mübahisəsi problemləri tam həll edilməmiş qalır.
İdarə Heyəti üzvləri ABŞ-ın İraqdan qoşunlarının çıxarılması barədə qərarını müsbət dəyərləndirib və bu faktın İraqın yenidən suveren dövlətlər sırasına daxil olması baxımından əhəmiyyət daşıdığını qeyd edib.
Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə sərhəd görüşündə Ə.Davudğolunun Vahid Cənubi Qafqaz evinin yaradılması üçün Ermənistanın öz işğalçılıq niyyətlərindən əl çəkməsinin və yalnız bundan sonra adı çəkilən ölkənin digər region ölkələri ilə birlikdə beynəlxalq strateji layihələrdə iştirakının mümkün olması ilə bağlı səsləndirdiyi bəyanatı təqdir edən İdarə Heyəti üzvləri hakimiyyəti, işğalçılıq niyyətlərindən və bu niyyətləri özündə ehtiva edən militarist çıxışlardan geri çəkilmədiyi halda Ermənistanla hər hansı bir danışıqlar aparmaqdan imtina etməyə çağırıb.