Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib-TƏDBİR

6 Sentyabr 2010 23:28 (UTC+04:00)
Bu gün Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan Bakı şəhər Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva təhsilin uğurları və nailiyyətləri barədə məlumat verib. O bildirib ki, hazırda idarənin tabeçiliyində 309 məktəbəqədər tədris mərkəzi fəaliyyət göstərir. Onun sözlərinə görə, uşaqların sayı 31037 olmaqla həmin təlim-tərbiyə müəssisələrində 1394 qrup var: "Uşaqların tərbiyəsi ilə 3572 nəfər pedaqoji işçi məşğul olur. Əvvəlki illərdən fərqli olaraq 5 yaşlı uşaqların təhsilə cəlb olunmasında müsbət dinamika müşahidə olunub. Amma təəssüflə qeyd etməliyəm ki, indi Bakı şəhərində I sinfə uşaqların yalnız 25%-i məktəbəhazırlıq qruplarından gəlir. Bu vəziyyətdən çıxış yollarından biri məktəbəqədər hazırlıq qruplarının şəbəkəsinin genişləndirilməsi ola bilər. Lakin məktəbəhazırlıq qruplarının şəbəkəsinin daha da genişləndirilməsinə mane olan səbəblər də var. Aparılan təhlillər göstərir ki, Bakı şəhərində uşaq bağçalarının mövcud bazası bu işin öhdəsindən gələcək səviyyədə deyil. Belə ki, 309 uşaq bağçasında mövcud olan qrup otağının 1009-dan təyinatı üzrə istifadə olunmur. Həmin otaqlardan istifadə olunmamasının səbəbi onlardan 38-nin təmirsiz olması, 700-də məcburi köçkünlərin məskunlaşması, 271-də təhsilə aidiyyatı olmayan təşkilatların yerləşməsidir. Əgər uşaq bağçaları tam gücü ilə işləsə belə, biz Bakı şəhərində yalnız 52 min uşağı məktəbəqədər təhsilə cəlb edə bilərik. Bu da bütün bağça yaşlı uşaqların təxminən 50%-i deməkdir. Bu problemin həlli istiqamətində zəngin dünya təcrübəsi var. Həmin təcrübədən istifadə edərək təklif edirik, ilk növbədə özəl uşaq bağçalarının şəbəkəsinin genişləndirilməsi qayğısına qalınmalı, imkanlı valideynlərin müəyyən məbləğdə haqq ödəməsi bərpa olunmalıdır".

O əlavə edib ki, hazırda Təhsil İdarəsinin tabeçiliyində 325 təhsil müəssisəsi var. N.Rzaquliyevanın sözlərinə görə, bu məktəblərdə 325 995 nəfər şagirdin təlim-tərbiyəsi ilə 33 784 müəllim məşğul olur. İdarə müdiri bildirib ki, bu il ali məktəbə qəbul olunan Bakı məktəblilərinin sayı artıb.

"Bu ilki buraxılış imtahanlarının yekunları əsasında 20 677 nəfər builki məzuna və əvvəlki illərdə attestat ala bilməyən 709 nəfər attestat verilib. Bu il məzunlarımızın 44,35 %-i tələbə adını qazanıb. Məzunların orta balı keçən ilkinə nisbətən 9 % artaraq 241-dən 262,138-ə yüksəlib. Bu il 600 bal toplayanların sayı 40%, 500-dən çox bal toplayanlar isə 20 artıb. Qeyd edim ki, yeni dərs ilində bizi gərgin fəaliyyət tələb edən mühüm işlər gözləyir. Mən əminəm ki, bizim təhsil işçilərimiz güclü potensiala malikdir və Bakı təhsilinin inkişafına öz layiqli töhfələrini verəcəklər", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən təhsil naziri Misir Mərdanov bəzi məsələlərə aydınlıq gətirib. Təhsil sahəsindəki mövcud problemlərdən danışan nazir qeyd edib ki, bu gün bizləri düşündürən vacib məsələlərdən biri uşaq bağçalarındakı vəziyyətlə bağlıdır.

"Dünyada 70-80 % uşaqların məktəbə uşaq bağçasından gəldiyi halda bizdə bu rəqəmlər 26 % təşkil edir. Təbii ki, bu rəqəmlər çox aşağıdır və bizləri hər zaman narahat edir. Lakin bizi düşündürən ən mühüm məsələ uşaqların bağçada kim tərəfindən və necə hazırlanmasıdır. Araşdırmalar zamanı məlum olub k, hətta bəzi bağçalarda fəaliyyət göstərən tərbiyəçilər heç orta ixtisas təhsilinə də malik deyillər. Belə olduğu halda onlar uşaqlara necə tərbiyə verə bilərlər? Yeni bağçalar tikiləcək, bəziləri isə əsaslı təmir olunacaq, lakin bütün bunlara baxmayaraq orada kimlərin çalışacağı, uşaqlara tərbiyə verəcəyi bizləri daim düşündürür",- deyə M.Mərdanov vurğulayıb.

Tədbirin davamında müəllimlər, valideynlər, şagirdlər Azərbaycan təhsilinin bu günü, uğurları və problemləri barədə çıxışlar ediblər.