Təhsil naziri: “Vahid məktəbli formalarının haradan və necə alınmasına məktəb qarışmamalıdır”

4 Sentyabr 2010 21:25 (UTC+04:00)
Bölgələrə müəllim proqramı davam etdirilir və bu il həmin proqrama əsasən 800 nəfərin sənədləri imzalanıb. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, artıq həmin müəllimlər sentyabrın 15-dən dövlət tərəfindən müəyyən olunan imtiyazlar əsasında bölgələrdə işə başlayacaqlar: "İnanırıq ki, bir neçə ildən sonra bu məsələ tam olaraq öz həlini tapacaq", -deyə əlavə o edib.

Məktəbli geyiminə münasibət bildirən nazir bildirib ki, bu işə artıq bir neçə ildir ki, başlanılıb. "Burada siyasətimiz ondan ibarətdir ki, ümumiyyətlə məktəb və onun direktoru bu işə qarışmamalıdır. Məktəblər yalnız geyimin rəngini və formasını müəyyən edə bilər, lakin vahid məktəbli formalarının haradan və necə alınmasına isə məktəb qarışmamalıdır. Qeyd edim ki, Bakı şəhərinin bir neçə yerində satış mərkəzləri yaradılıb və valideynlər geyimləri oradan əldə edə bilərlər", - deyə nazir vurğulayıb.