Gəncənin "Sevinc" qəsəbə sakinləri 7 gündür mavi yanacaqdan istifadə edə bilmirlər. Gəncə şəhər Qaz İstismarı İdarəsi əhaliyə mavi yanacağın verilişini dayandırıb. Sakinlərin sözlərinə görə, idarə əməkdaşları bir neçə şəxsin borcunu əsas gətirərək bütün qəsəbənin qazını kəsib. Təxminən 10 nəfərə görə 1000-dən artıq ailəyə mavi yanacağın verilişinə günlərdir ki, qadağa qoyulub. Qəsəbədə smart kart tipli qaz sayğacları qurulub, sayğaca əsasən də ödəniş edilir.
Gəncə şəhər Qaz İstismarı İdarəsinin baş mühəndisi Şubay Nəsibov SİA-nın bölgə müxbirinə bildirib ki, "Sevinc" qəsəbəsində yaşayan 1800 ailədən 1200-ü işlətdiyi qazın dəyərini ödəməyib. Mavi yanacağın kütləvi şəkildə dayandırılmasına gəlincə isə, baş mühəndis bunu qaz xətlərinə edilən müdaxilələrlə əsalandırıb.
Ş.Nəsibov ödəniş edən abonentlərin mavi yanacaqla bərpa ediləcəyini bildirib.