Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 6 müraciəti araşdırıb

4 Sentyabr 2010 03:02 (UTC+04:00)

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. SİA-ya MŞ-dən verilən məlumata görə, Şuranın sədr müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciəti araşdıraraq müvafiq rəylər çıxarıblar. Əvvəlcə Ağdam rayonu Quzanlı qəsəbəsinin bir qrup sakininin "Qeyrət qalası" qəzeti ilə bağlı şikayətinə baxılıb. Komissiya həmin mətbu nəşrdə gedən bir sıra yazılarda açıq təhqirlərə yol verildiyini, bunların əsasən fərdi baxışlardan, münasibətlərdən qaynaqlandığını əsas götürərək "Qeyrət qalası" qəzetinə MŞ tərəfindən xəbərdarlıq edib.

 

İclasda üç kütləvi informasiya vasitəsinin adının MŞ-nin "qara siyahı"sına salınması üçün nə dərəcədə əsaslar olduğunun müəyyənləşdirilməsinin Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına həvalə edilməsi razılığına gəlinib. Bunlar "Vedi inform", "Həftəlik Azərbaycan" və "Azad yeni fikir" qəzetləridir. Birinci nəşr barədə belə rəyə gəlinərkən Respublika Dəri-zöhrəvi Dispanserinin, Şəki Şəhər Qarışıq Tipli Uşaq Evinin şikayətləri, həmçinin digər amillər nəzərə alınıb. Digər iki qəzet barədə ölçü götürülərkən Göyçay rayon sakinləri Eldar Şıxəliyevin və İlkin Nəbiyevin müraciətlərindəki məqamlara istinad edilib.

 

İclasda "Cənub xəbərləri" qəzeti barədə müraciətlərlə əlaqədar iki rəy çıxarılıb. Komissiya Yardımlı Rayon Mədəniyyət Şöbəsinin bu mətbu nəşrlə bağlı şikayətini əsaslı saymayıb. Nəzərə alınıb ki, müraciətdə adı çəkilən qəzet əməkdaşının məhkəmə hökmü ilə şöbənin tabeliyindəki əsas iş yerinə qaytarılması qarşı tərəfin iddiasını qüvvədən salır.

 

Masallı rayonundan bir qrup ziyalının müraciətinin müzakirəsi "Cənub xəbərləri"nə xəbərdarlıq olunması ilə yekunlaşıb. Nəşr rəhbərliyinə bildirilib ki, qəzetdə etik çərçivəyə sığmayan təhqiramiz fikir və ifadələrin işlədilməsi yolverilməz haldır və belə hallar qətiyyətlə aradan qaldırmalıdır.