Azərbaycan və Rusiyanın birinci xanımları İncəsənət Muzeyində olublar

4 Sentyabr 2010 00:38 (UTC+04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva bu gün Müasir İncəsənət Muzeyində olublar. SİA-nın xəbərinə görə, Svetlana Medvedeva Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa edib. Qonağa məlumat verilib ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanıb. Bildirilib ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu mədəniyyət ocağı 2011-ci ildə 47 ölkənin təmsilçisinin qatılacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir.

Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilmiş bir çox fırça ustası və heykəltəraşın əsərləri ilə tanış olub. Rusiyanın birinci xanımı muzeydə Mehriban Əliyevanın mayın sonlarında Bakıda keçirilən "Qız qalası" Beynəlxalq incəsənət festivalına təqdim etdiyi əsərinə maraqla tamaşa edib. Mehriban xanım Əliyevanın əsərində bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilib. Əsərin üzərində isə mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulub. YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmasına çağırıb.

Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi də nümayiş etdirilir.

Qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb.Rusiyanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunub. Svetlana Medvedeva da Mehriban Əliyevaya hədiyyə təqdim edib.Rusiya Prezidentinin xanımı muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək, buradan zəngin təəssüratlarla ayrılıb.