"Gülüstan" sarayında Rusiya Prezidentinin şərəfinə rəsmi ziyafət təşkil edilib

3 Sentyabr 2010 07:09 (UTC+04:00)

Sentyabrın 2-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilib.

SİA-nın məlumatına görə, dövlət başçıları ziyafətdə nitq söyləyiblər.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısını ölkəmizdə salamlayıb. Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini bildirən dövlətimizin başçısı İlham Əliyev deyib ki, hər səfər münasibətlərimizdə yeni səhifə açır. Ölkələrimiz qədim tarixə, xalqlarımız ortaq dəyərlərə malikdir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurub və bu səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaqdır. 2009-cu ildə dünya iqtisadi böhranının ağır nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışdı. Dövlətimizin başçısı ölkələrimizin humanitar sahədə səmərəli əməkdaşlıq qurduğunu, bütün bunların isə münasibətlərimizdə vacib amillər olduğunu deyib.

Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırıb və bildirib ki, səfər zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın güclənməsinə xidmət edəcəkdir. Ölkələrimizin iqtisadi sahədə güclü əməkdaşlıq qurduğunu deyən Dmitri Medvedev müasir dünyada təhlükəsizlik məsələsinin mühüm amil olduğunu vurğulayıb və bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcəkdir. Dmitri Medvedev ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqətdən məmnun olduğunu, eyni münasibətin Rusiyada yaşayan böyük Azərbaycan diasporuna da göstərildiyini vurğulayıb. Rusiya dövlətinin başçısı dəvətə və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkürlərini çatdırıb.