Baş prokurorluq Sumqayıtda baş verən qətl hadisəsinə aydınlıq gətirib

3 Sentyabr 2010 03:11 (UTC+04:00)

Qonşusunu qətlə yetirən şəxs tutulub. Baş prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sentyabrın 2-də saat 23:10-da Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Seyidov Asif Əlislam oğlunun qəsdən öldürülməsi ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto və videoçəkilişlər aparılmaqla baxış keçirilib, meyitin döş qəfəsinin ön səthində kəsici-deşici alətlə yetirilməyə xarakterik olan bir ədəd xəsarət aşkar edilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

İlkin araşdırmalarla müəyyən edilibki, sentyabrın 1-də saat 10:00 radələrində A.Seyidov, qonşusu – 1987-ci il təvəllüdlü Novruzov Pərvin Vəli oğlu tərəfindən aralarında məişət zəminində yaranmış münaqişə ilə əlaqədar yaşadıqları evin həyətində bıçaqla döş qəfəsinə bir dəfə vurulmaqla qətlə yetirib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin olunub.

 

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində P.Novruzov sentyabrın 2-də saat 04:30 radələrində cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib. Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.