“YouTube”da filmlərin onlayn rejimdə nümayişi pullu olacaq

1 Sentyabr 2010 19:01 (UTC+04:00)
YouTube video-portalının sahibi Google şirkəti onlayn rejimdə filmlərin pullu nümayişi servisinin təqdim olunmasına dair Hollivud kinostudiyaları ilə danışıqlar aparır. SİA-nın xəbərinə görə, Google studiyalara dünyanın ən populyar axtarış sistemi və YouTube portalına qoşulmuş kinoservis təklif edir. Şirkət özünün axtarış texnologiyasını və YouTube saytını istifadəçiləri yeni servisə cəlb etmək üçün tətbiq edəcək.

Kinoservisin əvvəlcə ABŞ-da, sonra isə digər ölkələrdə istifadəyə veriləcəyi gözlənilir. Artıq bir neçə aydır ki, davam edən danışıqlar son həftələr film və televerilişlərin rəqəmsal təchizatı sahəsində media və texnologiya şirkətləri arasında rəqabətin kəskinləşməsi ilə əlaqədar aktuallaşıb.İstifadəçilər 5 ABŞ dolları ödəməklə filmləri onlayn rejimdə baxmaq imkanı əldə edəcəklər. Filmlər DVD disklərdə təqdim olunmaqla eyni zamanda yeni servisdə də yerləşdiriləcək.