“QHT Məktəbi” payız təlimlərinə başlayır

31 Avqust 2010 22:32 (UTC+04:00)
Yaxın günlərdə Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən "QHT Məktəbi" növbəti payız təlimlərinə start verəcək. Bu barədə SİA-ya mərkəzin mətbuat xidmətindən məlumat verilib. 2002-ci ildə mərkəz tərəfindən yaradılan "QHT Məktəbi"nin həyata keçirdiyi uzunmüddətli təlimlərin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir. Bu günədək 830 nəfərin məzun olduğu "QHT Məktəbi"nin növbəti təlim proqramında iştirak etmək niyyətində olanlar elan əsasında müraciət edib seçiləcəklər.

Təlim proqramında iştirakçılara QHT fəlsəfəsi, QHT-nin yaradılması və qeydiyyatı, QHT idarətməsi və strukturun inkişafı, QHT-də ictimaiyyətlə əlaqələrin qurulması (PR), QHT-də beynəlxalq əlaqələrin qurulması, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili adlı mövzular tədris ediləcək. Təcrübəli təlimçilər tərəfindən keçiriləcək "QHT Məktəbi"nin payız təlimləri 2 ay davam edəcək.

Mərkəzin direktor müavini Elnur Axundov Məktəbin bu ildən etibarən pullu fəaliyyət göstərəcəyini və əvvəlki illərdən fərqli olaraq iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsinin sorğu vərəqələri vasitəsi ilə deyil, xüsusi imtahan prosesi ilə keçiriləcəyini bildirib.O qeyd edib ki, yalnız bu prosesi müvəffəqiyyətlə başa vuranlara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.