Pentaqon Avropanı nəzarətə alır

31 Avqust 2010 19:10 (UTC+04:00)

ABŞ NATO sayəsində Avropa ölkələri üzərindəki nüfuzunu günbəgün artırır. SİA-nın məlumatına görə, "Intelligence Daily" qəzeti müttəfiq ölkələrdə hərbi təlimləri və araşdırmaları artıran ABŞ-ın "soyuq müharibə"dən sonra ən böyük hərbi blokunu yaratdığını yazıb.

 

NATO-nun tarixindəki ən uzun müharibə olan Əfqanıstan müharibəsi 10-cu ilini tamamlamağa yaxındır. Bu ölkədə NATO-nun Beynəlxalq Təhlükəsizliyə Dəstək Gücünün (ISAF) tərkibində 120 min, ABŞ-ın əmrində isə 30 min əsgəri var. Son olaraq Malayziya da Əfqanıstana əsgərlərini göndərəndən sonra bu ölkəyə hərbi qüvvə göndərən ölkələrin sayı 47-yə çıxıb. Tarixdə heç bir müharibədə bu qədər dövlət eyni komandanlıq altında və tək bir ölkədə döyüşə qatılmayıb. NATO-ya üzv olan 28 ölkənin hamısı Əfqanıstana əsgər göndərdiyi kimi, Avropa, Cənub Qafqaz, Asiya, Afrika və Cənub Amerikadakı müttəfiqlərdən də dəstək alındı. Qısacası, Əfqanıstana dünyanın bütün qitələrindən əsgər gəldi.

 

İkinci Dünya Müharibəsindən, hətta əsrlərdən indiyə kimi tərəfsiz olan Avropa ölkələri NATO qanadı altına əsgər göndərdi. Bu ölkələrin bir çoxu Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı çərçivəsində Əfqanıstan müharibəsində bu və digər formada iştirak etdi. Ancaq bu proqram, əslində 12 Şərqi Avropa ölkəsini dünyanın bir hərbi bloku halına gətirmək və İraq ilə Əfqanıstan əməliyyatları üçün istifadə etməkdir. Avropa, Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən bu plandan ən çox faydalanan təşkilat, təbii ki, ABŞ Müdafiə Nazirliyi olan Pentaqondur. Ermənistan, Azərbaycan, Avstriya, Bosniya, Finlandiya, Gürcüstan, İrlandiya, Makedoniya, Macarıstan və İsveç əsgərlərinə Əfqanıstan əməliyyatları üçün təlim keçən SNT proqramı gələcəkdəki hərbi əməliyyatlar üçün də güc yaradır.

 

Proqramın özündə birləşdirdiyi strategiyanın bir başqa məqsədi, Əfqanıstan xaricindəki bölgələrdə də daha sıx və geniş diametrli hərbi təlimlər təşkil etmək və SNT ölkələrinin silah arsenalını pilotsuz təyyarələr, hücum vertolyotları və digər müasir hərbi aviasiya ilə təmin etməkdən ibarətdir. Təxminən 200 ildir müharibə görməyən İsveç əsgərləri ilk dəfə Əfqanıstanda müxtəlif əməliyyatlara qatıldı. 1 İyul tarixində İsveç hökuməti ordu xidmətini tamamilə könüllü edən 109 illik qanunu ləğv etdi. Ordu NATO standartları və tələblərinə uyğun olaraq xüsusiləşdirildi. Bu şəkildə, "İsveç əsgərləri gələcəkdə xarici ölkələrə öz razılıqları olmadan belə hərbi xidmətə göndərilə biləcək. Bunu rədd edən əsgərlər isə işlərindən olacaq".

 

Keçən il İsveç 10 gün davam edən "Loyal Arrow 2009" NATO hərbi təlimlərinə ev sahibliyi etdi. Botni körfəzinin şahid olduğu ən böyük təlim, ekspertlərə görə, Baltik ölkələri, Cənub Qafqaz və digər bölgələrdə bir gün NATO güclərinin Rusiya ilə qarşıdurmasına hazırlıq üzrə xəyali ssenarilər üzərində qurulmuş ola bilər.

 

Son on bir illik genişləmə müddətində NATO beynəlxalq sahədə hərbi blok yaradılması işini davam etdirir və həyata keçirilən proqram çərçivəsində Avropada heç bir dövlət neytral qala bilmir. İsveç isə, "soyuq müharibə"dən sonra Pentaqonun şəbəkəsinə düşən ölkələrin sonuncusudur.