Aleksandr Kolıbelnikov: “Mənim üçün dünya yox, olimpiya çempionluğu daha önəmlidir” - MÜSAHİBƏ

31 Avqust 2010 18:22 (UTC+04:00)

Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan milli komandası Polşanın Poznan şəhərində keçirilmiş dünya çempionatını bir gümüş medalla başa vurub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığmamızın heyətində yer alan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti yeganə medalı 2 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə yürüşdə əldə edib.

 

1000 metr və 200 metr məsafələrə yürüşdə də finala yüksələn idmançılarımız yekunda müvafiq olaraq, 5-ci və 8-ci yerlərlə kifayətləniblər. Amma iyulun əvvəllərində İspaniyanın Trasona şəhərində təşkil olunmuş Avropa çempionatında kanoeçi duetimiz 1 qızıl, 1 gümüş medal qazanmışdı. Artıq ölkəmizdə olan millimizin baş məşqçisi Aleksandr Kolıbelnikov Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsində Bezuqlıy – Prokopenko duetinin Avropa və dünya çempionatlarındakı nəticələrini təhlil edib:

 

- Dünya çempionatındakı çıxışlarınız haqda nə deyə bilərsiniz?

 

- Dünya çempionatına yüksək dağlıq şəraitdə yerləşən Bolqarıstanın Bilmiken təlim-məşq bazasında hazırlaşmışdıq. Hazırlıq prosesinin sonuncu mərhələsini elə həmin ərazidə, yoxsa yarışın keçiriləcəyi məkanda davam etdirmək haqda qərar verməkdə çətinlik çəkdik. Dilemma qarşısında qalmışdıq. Yekunda Poznana daha erkən getməyi qərara aldıq. Fikrimcə, normal çıxış etdik. Bəzi yürüşlərdə uduzduq, bəzilərində daha yaxşı təsir bağışladıq.

 

- Ötən il kanoeçilərimiz dünya çempionatında daha yaxşı çıxış etmişdilər. Bəs indi nisbətən zəif çıxışın səbəbi nədədir?

 

- Siz ötən il daha uğurla çıxış erdiyimizi deyirsiniz. Bilmirəm, bu fikrinizlə razılaşım, yoxsa? Ötən il Sergey Bezuqlıy – Maksim Prokopenko dueti Avropa çempionatında 1 bürünc, dünya çempionatında 1 gümüş, 1 bürünc medal qazanmışdı. İndi isə onlar Avropa çempionatında 1 qızıl, 1 gümüş, dünya çempionatında isə 1 gümüş medala sahib oldular. Ötən il də, bu il də 3 medal oldu. Sadəcə, yerləri dəyişdi. Mənim üçün Avropa çempionatında qızıl medalın önəmi ötənilki medallardan daha böyükdür. Bu gün biz çalışırıq ki, bütün mövsüm boyu formada olaq. Bildiyiniz kimi, bu il biz həm Dünya Kuboku, həm Avropa çempionatı, həm də dünya çempionatında liderlər sırasında idik. Artıq bizə tam başqa cür yanaşır, bizimlə tam başqa cür danışırdılar. Uşaqlar bu məqamı da çoxdan yaşayırdılar. Hər kəs, tanıdığımız, tanımadığımız şəxslər onları görəndə alqışlayır, dəstəkləyirdilər. Bununla da istər-istəməz insanı yürüşə çıxmamış bu alqış və dəstəyə reaksiya verməyə məcbur edirdilər. Nəticədə 1000 metr məsafəyə yürüşü ən yaxın rəqibindən 1,5 saniyə öndə tamamlayan Bezuqlıy – Prokopenko dueti 500 metr məsafəyə seçmə yürüşdə gələcək dünya çempionlarını 6,68 saniyə geridə qoydu. Bu da bir psixoloji məqamlardan olmaqla yanaşı, kanoeçi duetimizin lider kimi çəkisinin göstəricisidir.

 

- Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ötən il 1000 metr və 500 metr məsafələrə yürüşlərdə iştirak edirdilər. Bu ildən həmin məsafələrə 200 metr də əlavə olunub. Bu, nə ilə əlaqədardır?

 

- Biz özümüz belə qərar vermişik. İstəyirik ki, 200 metr, 500 metr və olimpiya məsafəsi sayılan 1000 metrlik məsafələrə nə qədər vaxta çatdığımızı müqayisə edək. Bununla idmançılarımızın özləri də göstərdikləri nəticələri öyrənəcək və biz birgə təhlillər aparacağıq. Yəni, 200 metr – 1000 metr məsafəyə yürüşün startı, 500 metr yarısı sayılır. Beləliklə, olimpiya məsafəsində finişə daha tez çatmaq üçün müəyyən tədbirlər görə bilərik. 

 

- Yəqin ki, daha çox 1000 metr məsafəyə yürüşdə dünya çempionluğunu da arzulayırdınız...

 

- Mənim üçün hazırkı dünya çempionluğu yox, olimpiadada qazanılan qızıl medal ən böyük əhəmiyyət kəsb edir. Bu gün biz bu hədəfə çatmaq üçün çalışırıq. Avropa çempionatında 1000 metrlik məsafəyə yürüşdə qızıl medal qazanmışıqsa, "Olimpiya məsafəsini udduq, qurtardı" deyib sevinməyə tələsməyək. Mənim məqsədim olimpiadadır. Bu, ölkə rəhbərliyinin qoyduğu tapşırıqdır. Hələlik nəyin alınıb-nəyin alınmadığını analiz edirik, düzəlişlər aparırıq. Bütün nüansları nəzərə almağa çalışırıq. Mən bu uşaqları cəmi 2 ildir tanıyıram. Bu müddətdə onların potensialı get-gedə açılmaqdadır. Mənim təcrübəm və onların işi dərhal yüksək nəticələr göstərməyə imkan vermir. Vaxt lazımdır. 

 

- Rumıniyalı Alexandru Dumitresku və Viktor Mixalaki dueti 2 nəfərlik kanoe qayığı ilə həm 1000 metr, həm də 500 metr məsafələrə yürüşlərdə dünya çempionu oldular. Bu, onların olimpiya çempionu olacaqları ehtimallarını xeyli artırmır?

 

- Əlbəttə, niyə də yox? Bu gün Dumitresku – Mixalaki dueti dünya çempionatında 2 qızıl medal qazanmaqla dünyanın ən aparıcı kanoeçilərindən olduqlarını sübuta yetirdilər. Onlar Avropa çempionatında 500 metr məsafəyə yürüşdə də I yeri tutmuşdular. Amma hələ 2012-ci il London Yay Olimpiya Oyunlarına 2 il var. Gəlin, tələsməyək. Əvvəlcə olimpiadaya gedək, sonra baxarıq.

 

- Amma Avropa çempionatında kanoeçi duetimiz həm 1000 metr, həm də 200 metr məsafəyə yürüşdə rumıniyalı cütlüyü arxada qoymuşdu. Bu dəfə isə hər üç məsafəyə yürüşdə onlardan geri qaldılar...

 

- Biz yeni sistemi sınaqdan çıxarırıq. Buna görə də rəqiblərin bizdən üstün və ya zəif çıxış etmələrini hazırkı məqamda təbii qəbul edirəm.

 

- Ötən il 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə Avropa və dünya çempionu olan Valentin Demyanenkonun hazırkı durumunu necə dəyərləndirirsiniz?

 

- Demyanenko hazırda bizimlə birgədir. Gələn ilə hazırlaşır. Fikrimcə, 2011-ci ildə o, yenidən dünyanın ən yaxşılarından olmağa hazır vəziyyətə çatacaq. 2011-ci il - olimpiadaya seçim ilidir. Bunun üçün dünya çempionatında ilk 6 pillədən birini tutmaq lazımdır. Buna biz "olimpiada öncəsi olimpiada" kimi yanaşırıq.

 

- Demyanenkonun da çıxış etdiyi qayıqla sprinter məsafəsinə yürüşləri izləmisiniz. 200 metrlik məsafənin olimpiadanın proqramına salınmasından sonra burada rəqabət güclənibmi?

 

- Bilirsiniz, idmançıların ustalığından və rəqabətdən əlavə, hava şəraitindən də çox şey asılıdır. Məsələn, Avropa çempionatının qalibi litvalı Yevgeni Şuklin dünya çempionatında 6-cı yerlə kifayətləndi. Bunu dərhal idmançının özünün zəif təsir bağışlaması ilə əlaqələndirirlər. Amma küləyin təsirini nəzərə almırlar. Yarış vaxtı külək birinin hərəkətini sürətləndirə, digərinin isə hərəkətinə mane ola bilər. Buna görə də idmançı öz texnikasına da daha çox diqqət ayırmalıdır.  

 

- Qarşıdakı planlarınız nədən ibarətdir?

 

- Yaxın vaxtlarda Ukraynaya yollanaraq, bir müddət istirahət, sonra isə bərpa məşqlərinə başlanacaq, oktyabrda isə Mingəçevirdə keçiriləcək yarışda iştirak etmək niyyətindəyik. Mayın 10-dan ezamiyyətdə olmuşuq, bir gün də istirahət etmədən təlim-məşq toplantıları və müxtəlif yarışlarda iştirak etmişik. Müəyyən qədər yorulmuşuq.