“Macarıstanın və Azərbaycanın gözəlliyi” adlı fotosərgi açılıb FOTOLAR

25 May 2017 09:35 (UTC+04:00)

Azərbaycan ilə Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olub. SİA-nın məlumatına görə, bu münasibətlə Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakı Müasir İncəsənət Muzeyində "Macarıstanın və Azərbaycanın gözəlliyi" adlı fotosərgi açılıb.

Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski tədbiri açaraq bildirib ki, Azərbaycan ilə Macarıstanı çoxillik dostluq və sıx əməkdaşlıq əlaqələri bağlayır. O deyib: "Ölkələrimizin xalqları 25 il ərzində bir-birini yaxından tanıyıblar və çox yaxınlaşıblar. Azərbaycan ilə Macarıstan bir çox məsələlər üzrə bir-birini dəstəkləyir, əlaqələrimiz ildən-ilə möhkəmlənir və genişlənir. Bugünkü fotosərginin məqsədi iki ölkənin mənzərəli guşələrini nümayiş etdirməkdir".

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Ekspozisiyada Bakının və Budapeştin, habelə ölkələrimizin digər şəhərlərinin abidələrinin və görməli yerlərinin fotoşəkilləri təqdim edilib.

Sərginin açılışında ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.