Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 9 mümkün xaldan 6-sını toplayaraq FİDE-nin himayəsi altında keçirilən Moskva Qran-prisində ikinci yeri tutub. SİA-nın məlumatına görə, o, yalnız son turda liderliyi çin şahmatçısı Din Lirenə verib. Buna baxmayaraq, azərbaycanlı qrossmeyster oyunu ilə şahmat analitiklərinə müsbət təsir bağışlayıb. Belə ki, Moskva Qran-prisinin 4-cü turunda qələbə qazanmaqla Ş.Məmmədyarov reytinq xallarının sayını 2801-ə çatdırıb və bu həddə çatan ilk Azərbaycan şahmatçısı olub.
Qeyd edək ki, şəxsi hesabda 2800 reytinq xalı şahmatçı üçün turnirdə ən yüksək uğur göstəricisi hesab edilir. Bununla da Şəhriyar Məmmədyarov planetin hazırda çıxışını davam etdirən və belə göstəriciyə malik 5-ci şahmatçısı olub.
Digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov isə turnirdə 5 xalla 3-9-cu yerləri bölüşüb.