IV İslam Həmrəyliyi Oyunlarında 85 kiloqram çəki dərəcəsində qızıl medal əldə edən yunan-Roma güləşçisi İslam Abbasov finalda mübarizə apardığı türkiyəli idmançı ilə indiyədək yeddi dəfə qarşılaşdığını və bunun yalnız birində məğlub olduğunu bildirib. O, AZƏRTAC-a müsahibəsində deyib: "Biz bir-birimizi yaxşı tanıyırdıq. Ona görə də qarşılaşma mənim üçün elə də çətin keçmədi".
Böyüklər arasında 2015-ci ildən mübarizə apardığını bildirən idmançı qarşıdakı yarışlar barədə də məlumat verib: "Bundan sonra qarşıdan gələn dünya çempionatına hazırlaşacağam. Əlbəttə, hər bir idmançının məqsədi Olimpiya medalına sahib çıxmaqdı. İnşallah, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada medal qazanıb, azarkeşlərimi bir daha sevindirəcəyəm". Qeyd edək ki, İslam Abbasov Türkiyə təmsilçisi Ali Cengizi 3:1 hesabı ilə məğlub edib.