"IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə sayılı saatlar qalır. Sabah Bakı şəhərində böyük, önəmli tədbir keçiriləcək və bütün dünyanın diqqəti bizdə olacaq". SİA-nın verdiyi məlumata görə, bunu bu gün "Baku 2017" IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları tək idman yarışı deyil, sülhün bərqərar olduğu ölkələrin bir araya gəlməsi, bir dildə danışmasıdır: "Əfsuslar olsun ki, Sudan, Liviya və Küveyt bu oyunlara qoşulmayacaq. Bu hal bizi məyus etsə də, 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirməyə bilməz".
Nazir deyib ki, İslam Həmrəyliyi Oyunları sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq: "İslam Həmrəyliyi Oyunları ilə bağlı iclaslarda 57 islam ölkəsinin nümayəndələri iştirak ediblər. Biz bəyan etmişdik ki, 57 ölkənin idmançıları oyunlarda iştirak edəcək, amma son 3-4 gün ərzində bizə daxil olan məlumatlara görə, 3 ölkə - Sudan, Liviya və Küveyt oyunlarda iştirak etmir".
A. Rəhimov bildirib ki, bütün ölkələrdən gələn idmançılara hər cür şərait yaradılması üçün biz əlimizdən gələni etmişik: "Azərbaycan tərəfindən oyunlarda idmançılar üçün yaradılan şərait bütün ölkələrin gəlməsi üçün cəlbedicidir. Bu 3 ölkənin oyunlara gəlməməsi ilə bağlı qərarlarına hörmətlə yanaşırıq".
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz əl-Nassar bildirib ki, açılış mərasiminə 1 gün qalır və 14 gün ərzində Azərbaycanda gözəl yarışlar keçiriləcək: "3 mindən çox idmançı Azərbaycanda yarışacaqlar. İnanırıq ki, İslam Həmrəyliyi Oyunları tarixində Bakı-2017 ən yüksək səviyyədə keçirilən yarışlardan biri olacaq. Bu oyunlar İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək. Yarışlara bu cür yüksək diqqət göstərdiyinə görə, Azərbaycana təşəkkür edirik".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə isə qeyd edib ki, Azərbaycan idman tarixində ilk dəfə belə böyük heyətlə iştirak edəcək: "Ümumi heyət 500 nəfərdən artıqdır. Bu oyunlar həm təşkilati tərəfdən, həm də Azərbaycan idmançılarının iştirakı baxımından uğurlu olacaq. Artıq yarışlar başlayıb. Komanda oyunlarında yarışlar gedir".
Mətbuat konfransına sual-cavab formasında yekun vurulub.