Mərkəz sədri: “Türklərlə ermənilərin barışığına dair çağırışlar ciddi deyildi” AÇIQLAMA

4 May 2017 15:53 (UTC+04:00)

"Erməni soyqırımının" 102-ci ildönümü geosiyasi, mənəvi və maliyyə iflasın nümayişi oldu". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, "Erməni soyqırımının" 102-ci ildönümünün qeyd olunmasında aktivlik əvvəlki illərə nisbətə zəif idi: "Rəsmi Yerevanın da diqqəti azalmışdı. Orijinallıq vəfat etmiş amerikalı erməni milyarderi Kirk Kirkoryanın vəsaiti hesabına çəkilmiş "Vəd" filminin nümayişi idi. Bu filmin çəkilişinə 100 milyon dollar vəsait ayrılmışdı. Lakin Hollivud orijinal həll üsulu tapdı. 1915-ci il hadisələrinə həsr olunmuş iki film çəkdi və prokata buraxdı. Erməni və türk versiyaları əsasında çəkilmiş filmlər prokatda rüsvaycasına uduzdular. "Vəd" filminin Ermənistanda prezident S.Sərkisyanın iştirakı ilə qapalı nümayişini keçirdilər. Büdcəsi 100 milyon dollara olan "Vəd" filmi ilk bazar günlərində cəmi 4,1 milyon dollar pul yığdı. Bu iflas rəqəmidir. Filmin təbliğində L.Di Kaprio, Şer, Kardaşyan bacıları, C.Lopes, Klunilər və s. iştirak etmişdilər. Mütəxəssislərin fikrincə, heç bir Hollivud studiyası bu filmi maliyyələşdirməzdi.

Vaşinqtonda (ABŞ) "Erməni soyqırımı" muzeyinin açılması üçün nəzərdə tutulmuş bina aprelin 10-da "soyqırıma" iki həftə qalmış satıldı. Ermənistanda "soyqırımı" muzeyinin direktoru A.Demoyan bunu rüsvayçılıq adlandırdı. Bu muzeyin donorları olan Ovnanyan və Qafesçyanlar ailəsi uzun müddət məhkəmə çəkişməsi aparmışlar. Sonda Qafesçyan ailəsi qalib gəldi. Muzey açmağı məsləhət bilmədi və binanı satdı.

ABŞ prezidenti D.Tramp ilk dəfə olaraq 1915-ci il hadisələrinə münasibət bildirdi. Ermənilər D.Trampın ekstravaqant və ya gözlənilməz davranışını nəzərə alaraq "soyqırım" terminini işlədəcəyini gözləyirdilər. Eləcə də ABŞ-dakı bir qrup ermənipərəstlər və ermənilər orijinal yaltaqlanma üsulu tapdılar. Respublikaçı prezident D.Trampı respublikaçı prezident R.Reyqana oxşamağa çağırdılar. Reyqan vaxtilə "erməni soyqırımı" terminini işlədib, onun varisisən. Sən də işlətməlisən. D.Tramp B.Obamanın klişelərindən istifadə etdi. Amma Türkiyədə törədilən vəhşiliklər barədə ifadələr daha sərt idi. Eləcə də türklərlə ermənilərin barışığına dair çağırışlar ciddi deyildi.

D.Trampın müraciəti yayıldıqdan sonra ABŞ-dakı erməni təşkilatları və ermənipərəst konqresmenlər D.Trampdan narazılıqlarını bildirdilər. Türkiyə də Trampın müraciətinin mətninə iradını bildirdi.

"Erməni soyqırımının" tanınması ilə bağlı cəmi üç paytaxtda Tehran, Tbilisi və Moskvada yürüş keçirildi. Tehran və Tbilisidə aksiyalar səfirliyin qarşısında baş tutdu. Tehranda Türkiyə səfirliyinə qarşı ermənilərin etirazı daha çoxsaylı və daha sərt idi. "Erməni soyqırımının" parlament tərəfindən tanınması ilə bağlı Gürcüstandakı erməni təşkilatlarının təxminən bir ay əvvəldən müraciət etməsinə baxmayaraq Gürcüstan bu istiqamətdə müzakirə də açmadı. Rəsmi Tbilisi ermənilərə Türkiyə səfirliyinə yaxınlaşmağa son anda icazə verdi. Bu da idarə olunan halda idi.

ABŞ-dakı ermənilər ənənəvi olaraq Los-Anceles şəhərində yürüş keçirdilər. Yerevanda və Dağlıq Qarabağda keçirilən yürüşlər Türkiyə və Azərbaycan bayraqlarının yandırılması ilə müşayiət olundu.

ABŞ senatına "erməni soyqırımının" tanıması üçün iki palatalı qətnamə qəbul edildi.

Çexiya parlamenti "erməni soyqırımını" tanıdı. Amma bunu aprelin 24-dək deyil, 24-dən sonra etdi.

Türkiyədə parlamentin erməni deputatı K.Paylyan Almaniyanın da "erməni soyqırımına" məsuliyyət daşıdığını bildirdi.

Yüksək Kilikiya Evinin başçısı, Katolikos I Aram erməni xalqı üçün hər günün 24 aprel olduğunu bildirdi".