"Bu gün Azərbaycan və Türkiyə orduları birgə taktiki təlimlərə start verdilər və bu təlimlər mayın 5-dək davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, indiki reallıqları nəzərə alsaq, bu təlimlər təkcə geosiyasi və hərbi-strateji deyil, həm də hərbi-texniki baxımdan olduqca əhəmiyyətlidir: "Baxın, kimsəyə sirr deyil ki, Donbasda təkcə separatçılarla Ukrayna savaşmır. Bu savaşda Rusiya və Amerika da var. Onu da görürük ki, separatçılarla Rusiya qüvvələrinin (burada ordu da var, başqa strukturlar da) birgə əməkdaşlıqları daha effektli alınır, nəinki ukraynalılarla amerikalılarınkı. Təkcə ona görə yox ki, Rusiya orada daha çox qüvvə cəmləşdirib, həm də ona görə ki, ukraynalı hərbçilərlə amerikalılar indiyədək fərqli texnikayla işlədikləri kimi, onların döyüş metodları və bütövlükdə döyüş fəlsəfələri də bir-biri ilə az uyuşur. Bu da özünü həm təlimlərdə, həm də cəbhədə aydın göstərir".
Azərbaycan və Türkiyəyə gəldikdə isə bizim ən böyük uğurumuz iki xalq arasındakı bağlılığın hərbi əməkdaşlıqda da özünü göstərməsidir. Türkiyə və Azərbaycan hərbiçilərinin çoxu fərqli məktəblərin təmsilçiləri olmalarına və fərqli texnikalarla işləmələrinə baxmayaraq, uzun zaman və davamlı aparılan birgə təlimlər nəticəsində tam harmoniya içində, eyni bir qüvvə kimi çıxış etməyi bacarırlar. Hətta belə də demək olar ki, iki qardaş dövlət NATO və sovet hərbi ənənəsinin ən yaxşı tərəflərini sinxronlaşdıraraq artıq yeni bir standart yaradılıblar.