Kənd təsərrüfatı nazirinin müavini Avropa İttifaqının “NEAR” Baş direktorluğunun bölmə rəhbəri ilə görüşüb

29 Aprel 2017 02:17 (UTC+04:00)

Aprelin 28-də kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Avropa İttifaqının "NEAR" Baş direktorluğunun Azərbaycan, Ermənistan və Belarus üzrə bölməsinin rəhbəri Vassilis Maraqos və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə 2017-2020-ci illər üçün ikitərəfli müstəvidə Avropa İttifaqının Azərbaycana göstərdiyi yardımın (Vahid Dəstək Çərçivəsi) proqramlaşdırılması üçün çoxillik strategiyanın hazırlanması ilə bağlı müzakirələr aparılıb. Nazir müavini aqrar sahədə Azərbaycanla Avropa İttifaqı arasındakı mövcud əməkdaşlığı və ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində bu təşkilatın texniki və maliyyə dəstəyini yüksək qiymətləndirib. O, Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi layihələrdən fermer və sahibkarların faydalandığını qonaqların diqqətinə çatdırıb. Eyni zamanda, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım" layihəsinin uğurla icra olunduğunu vurğulayıb.

S.Talıbov dövlətimizin başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyulmuş vəzifələr barədə də nümayəndə heyətinə geniş məlumat verib. Qeyd olunub ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahənin intensiv inkişafının təmin edilməsi və məhsuldarlığın artırılması, rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ənənəvi sahələr olan pambıqçılıq, baramaçılıq, fındıqçılıq və tütünçülük sahələrinin inkişafı və ixracyönümlü sahələrə çevrilməsi, elmi potensialın gücləndirilməsi, kadr hazırlığı və digər aktual məsələlər nazirliyin qarşısında duran ən ümdə vəzifələrdir.

Vassilis Maraqos Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin zəngin tarixə malik olduğunu qeyd edərək həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb, ölkəmizi mötəbər və etibarlı tərəfdaş kimi qiymətləndirib. O, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Sonda tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.