PSJ-nin futbolçusu “Barselona”ya keçir

28 Aprel 2017 22:41 (UTC+04:00)

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti mövsümün sonunda İspaniyaya köçməyə hazırlaşır. Apasport.az saytının "El Mundo Deportivo" nəşrinə istinadən məlumatına görə, ulduz futbolçu "Barselona" ilə ilkin razılıq əldə edib. 25 yaşlı oyunçunun meneceri Donato Di Kampli Kataloniya klubunun rəsmiləri ilə görüşmək üçün son bir ayda iki dəfə Barselonaya gedib. Menecer Verrattinin PSJ-dən ayrılmaq istədiyini və yalnız "Barsa"da çıxış etmək arzusunda olduğunu söyləyib. Tərəflər arasında danışıqların müsbət nəticələndiyi və "Barselona" rəhbərliyinin PSJ ilə danışıqları artıq intensivləşdirdiyi vurğulanıb. Klublar transfer məbləğində ortaq məxrəcə gələ bilsələr, Verratti iyunda yeni komandası ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, İtaliya millisinin aparıcı üzvlərindən olan Marko Verratti 2012-ci ildən PSJ-nin formasını geyinir.