DQİDK Göygöl rayonunda regional müşavirə keçirib

28 Aprel 2017 18:38 (UTC+04:00)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində "Dini radikalizm və ekstremizmlə mübarizədə hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin təşkili" mövzusunda regional müşavirə keçirilib.

Dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy-Naftalan üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, DQİDK və hüquq-mühafizə orqanlarının yerli strukturlarının nümayəndələri, dindarlar iştirak ediblər.

Müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışıb. Arif Seyidov dini ekstremizə qarşı mübarizə sahəsində aidiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsi baxımından regional müşavirənin əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Din pərdəsi adı altında aparılan münaqişələrə diqqət çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır.

Səyavuş Heydərov qeyd edib ki, dünyanın belə böhranlı bir dövründə Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür.

S.Heydərov diqqətə çatdırıb ki, bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətləri müşahidə olunur. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən mübarizə tədbirləri həyata keçirilir.

Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev məruzələrində dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıblar.

Regional müşavirə müzakirələrlə davam etdirilib.