Serj Sarkisyan Hindistana qaçır ANALİTİKA

27 Aprel 2017 16:20 (UTC+04:00)

Hindistanın vitse-prezidenti, parlamentin yuxarı palatasının sədri Muhamməd Həmid Ənsarinin aprelin 25-də Serj Sarkisyanla keçirilən görüşdə Ermənistan prezidentinə ölkəsinin dövlət başçısı Pranab Kumar Mukercinin Hindistana dəvət etməsi ilə bağlı dəvət məktubunu təqdim etməsi erməni mətbuatında birmənalı qarşılanmayıb və bu barədə müxtəlif ilginc fikirlər səsləndirilib.

"Serj Sarkisyanın xarici səfərləri nə qədər çox olursa, ölkəyə bir o qədər də az investisiya daxil olur"

Belə ki, erməni analitik yazarlarından biri olan Musa Mikaelyanın bununla bağlı yazdığına görə, Serj Sarkisyan prezidentlik müddətinin başa çatmasına qədər Hindistana da səfər etməyə vaxt tapacaq. Lakin erməni analitiki bu məsələ ətrafında bəzi detallara vararaq yazır ki, prezidentliyinin 10 ilində Serj Sarkisyan kifayət qədər çox səfərlər edib, müxtəlif ölkələrdə - ekezotik və geoposiyasi mərkəzlərdə olub. "Lakin Ermənistan bu səfərlərdən hansı səmərə görüb, bax, bu aydın deyil"-qeyd edən Mikaelyanın əlavə etdiyinə görə, yalnız bir amil bəllidir ki, Serj Sarkisyanın xarici səfərləri nə qədər çox olursa, ölkəyə bir o qədər də az investisiya daxil olur: "İqtisadi göstəricilər aşağı düşür, yoxsulluq və mühacirətlərin həddi çoxalır, bütün bunlarla paralel olaraq Ermənistanın təhlükəsizlik riski və ölkəyə qarşı təhdidlər də artmağa başlayır".

"Ancaq aprel müharibəsi zamanı Serj Sarkisyanın özünün də dolayısı ilə etiraf etdiyi kimi, Ermənistan real müttəfiqlərsiz qalıb"

Musa Mikaelyan yazır ki, sözügedən məsələyə məntiqi baxımından yanaşdıqda isə xarici səfərlərin Ermənistan üçün səmərə verəcəyini düşünmək olardı: "Ermənistanın müttəfiqlərinin və iqtisadi partnyorlarının sayı artmalıydı. Ancaq aprel müharibəsi zamanı Serj Sarkisyanın özünün də dolayısı ilə etiraf etdiyi kimi, Ermənistan real müttəfiqlərsiz qalıb".

Erməni analitiki bununla bağlı qeyd edir ki, bu faktların hər biri Serj Sarkisyanın kifayət qədər effektsiz fəaliyyətinin nəticəsidir və onun özünü haqlı çıxarması üçün deyiləcək heç bir sözü ola bilməz: "Serj Sarkisyan pasportunda daha bir bir neçə ştamp vurdurmaqdan başqa heç nəyə müvəffəq olmayıb. Yaxud, Serj Sarkisyan iqtisadi, siyasi planda və Ermənistanın təhlükəsizliyi məsələsində yalnız bir məqsədi güdüb – daxili təbliğatını genişləndirmək, ya da iqtisadi cəhətdən şəxsi-qrup maraqlarına xidmət etmək.

Başqa sözlərlə, yumşaq desək, Serj Sarkisyanın az da olsa Ermənistana nə isə verə bilməməsini izah etmək çətindir".

"Sarkisyan məhz Ermənistanda sistemli islahatlar baxımından addımlar atılmalı və cəlbedici iqtisadi mühitdən və bu mühitə yararlı olacaq komponentlərdən yararlanmalı idi"

Ermənistan prezidentinin xarici səfərlərini araşdırarkən, Mikaelyan onu da yazır ki, həmin səfərlərdə sərmayə perspektivləri planları, digər sahələr üzrə əməkdaşlıqlar barədə səsli-küylü bəyanatlar verilidri: "Reallıqda isə Ermənistanda tamamilə başqa mənzərə canlanır. Problem isə ondadır ki, Serj Sarkisyandan tələb olunan addımların atılması sərhədlərdən kənarda deyil, məhz sərhədlər daxilində tələb olunurdu. Sarkisyan məhz Ermənistanda sistemli islahatlar baxımından addımlar atılmalı və cəlbedici iqtisadi mühitdən və bu mühitə yararlı olacaq komponentlərdən yararlanmalı idi. Halbuki, o demək olar ki, hər çıxışında bu məsələlər barədə vədləri, öhdəlikləri boynuna götürürdü. Serj Sarkisyan məna etibarilə bütün bunlardan xaricə qaçır və onun sözügedən problemlərdən növbəti "qaçışı" Hindistan olacaq".

Rövşən NURƏDDİNOĞLU