“Formula-1” pilotlarını şəffaf ekranlar qoruyacaq

27 Aprel 2017 12:19 (UTC+04:00)

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" çempionatında iştirak edən pilotların başlarını qorumaq üçün şəffaf sipəri bu mövsümdə sınaqdan keçirəcək. SİA-nın məlumatına görə, "Formula-1"in strateji qrupu ilə komissiyasının Paris görüşündə idman və texniki reqlamentə bir sıra düzəlişlər qəbul edilib. Bu düzəlişlər FIA-nın Avtomobil İdmanı üzrə Ümumdünya Şurasında təsdiq olunmalıdır.

Pilotun başının frontal təsirlərdən müdafiəsini artırmağa imkan verən münasib texniki həll yollarının axtarışı prosesində bir sıra təkliflər nəzərdən keçirilib. Üstünlük şəffaf ekranlardan istifadəni nəzərdə tutan sistemlərə verilib.

Pilotların başlarını qoruyan digər vasitədən - kokpitin yuxarısında quraşdırılan xüsusi qeyri-şəffaf konstruksiyadan imtina etmək qərara alınıb.

Gözlənildiyinə görə, şəffaf ekranların 2018-ci ildə tətbiqinə başlamaq üçün onlar cari mövsümdə sınaqdan keçiriləcək.

Bundan başqa, növbəti mövsümdən etibarən maşınların mühərrik örtüklərində T-şəkilli qanadların və "köpəkbalığı üzgəcləri" deyilən əlavələrin quraşdırılması imkanlarına da sərt məhdudiyyətlərin tətbiq olunması barədə qərar qəbul edilib.