"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb. Mərkəzdə yüksək texnologiyalar sənayesində müxtəlif növ materialın alınması, nonatexnologiyalar sahəsində elmi-tədqiqat, elmi təcrübə işlərinin aparılması, elm, texnika və texnologiyaların inkişafı üçün prioritet olan istiqamətlər üzrə işlər aparılır". SİA-nın xəbərinə görə, bunu Nəqliyyat , Rabitə və Yüksək Texnologiyaları nazirinin birinci müavini Əli Abdullayev Əqli Mülkiyyət günü ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bununla yanaşı, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondu fəaliyyət göstərir: "Fond tərəfindən innovativ layihlərə 3 istiqamətdə dövlət dəstəyi həyata keçirilir. Müşahidə Şurasının qərarına əsasən "start-up" layihələrinə qrantlar ayrılır və innovativ ideyaların biznesə keçirilməsi üçün dövlətdən dəstək alırlar. Artıq bu məqsədlə 4 qrant müsabiqəsi keçirilib. Təklif olunan 600-ə yaxın layihənin artıq 100-ü fond tərəfindən müəyyənləşib".
Ə.Abdullayev qeyd edib ki, nazirlik tərəfindən həyata keçirilən Elektron hökumət layihəsi innovativ həllərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir: "Elektron hökumət portalı ölkəmizdə 2013-cü ildən fəaliyyət göstərir. Nazirlik tərəfindən bu portalın istifadəyə verilməsi və dövlət qurumlarının informasiya sistemləri arasında əlaqələr genişləndirilib. Nazirliyin milli sertifikat xidmətləri mərkəzin elektron sənəd mübadiləsinin əsas elektron imzanı hazırlamaq və istifadəçilərə elektron imza təqdim etməklə yanaşı, digər elektron mərkəzlərini də akkreditasiya edib, sertifikatlaşdırır. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 100 mindən çox elektron imza sertifikatı təqdim edilib. Gələn ilin əvvəlindən vətəndaşlarımız yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqində bu xidmətdən istifadə edə biləcəklər".
Nazir müavini əlavə edib ki, BMT-nin elektron hökumətlə bağlı 2016-cı ilki hesabatında Azərbaycan 193 ölkə arasında 12 pillə irəliləyərək 56-cı yer, elektron iştirak indeksinə görə isə 30 pillə irəliləyərək 77-ci yerdən 47 -ci yerə yüksəlib: "Beynəlxalq Telekommunikasiya İttifaqı və YUNESCO tərəfindən yaradılan genişzolaqlı komissiyanın 2016-cı il hesabatında Azərbaycan internet istifadəçilərinin sayına görə 191 ölkə arasında 36, inkişaf etmiş ölkələr arasında isə 11-ci yerdə qərarlaşıb. İnkişaf etməkdə olan ölkələrin internetə qoşulmuş ev təsərrüfatı sayına görə, Azərbaycan 138 ölkə arasında 13-cü yerdədir".