Neft bahalaşır?

25 Aprel 2017 15:43 (UTC+04:00)

Neft qiymətləri, ABŞ-da ardıcıl üçüncü həftədə də ehtiyatların "əriyəcəyini" göstərəcəyi gözlənilən rəsmi neftbaza məlumatları öncəsi yüksəlib. Nyu-Yorkda neft qiymətləri, əvvəlki altı seansda 7.4% düşdükdən sonra 0.7 faizə qədər yüksəlib. Enerji İnformasiya İdarəsinin çərşənbə günü açıqlayacağı neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə 1.95 milyon barrel azalması gözlənilir. Üstəlik, Rusiyanın energetika naziri Aleksandr Novak, bu həftə, OPEC ilə hasilatın azaldılması müqaviləsinin İyun ayından sonraya uzadılması məsələsini müzakirə etməmişdən əvvəl ölkədəki neft şirkətlərinin rəhbərləri ilə görüşəcəyini bildirib.

OPEC üzvləri, iyun ayında sona çatacaq hasilatın azaldılması müqaviləsinin ilin ikinci yarısına uzadılmasını qiymətləndirərkən, Amerikalı istehsalçılar neft quyularının sayını artırmaqda davam edirlər. Bir sıra analitiklər bildirirlər ki, əgər OPEC müqaviləni ilin ikinci yarısına uzadarsa və ABŞ-da neft hasilatı azalmağa başlasa, bazarın bu il yenidən tarazlıq tapması mümkündür.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 32 sent və ya təxminən 0,7% bahalaşaraq bareli 49.55 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 31 sent və ya 0.6 faiz bahalaşaraq bareli 51.91 dollara qədər çıxıb.