Valyuta dəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilir

25 Aprel 2017 14:05 (UTC+04:00)

Millət vəkili Zahid Oruc parlamentin bu günkü iclasında " Valyuta tənzimi haqqında" qanun layihəsinin müzakirəsi zamanı valyutadəyişmə məntəqələrinin gəlir və xərclərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabat verilməsinin əleyhinə olduğunu deyib. SİA-nın xəbərinə görə, deputat çıxışında bildirib ki, əgər valyutadəyişmə məntəqələri vergi orqanında qeydiyyata duracaqsa və vergilər Nazirliyinə gəlir və xərclərlə bağlı məlumatlar veriləcəksə, Palataya bu məlumatlar niyə lazımdır? Statistikanın formalaşdırılması üçün Palataya valyuta alqı-satqısı ilə bağlı məlumatlar təqdim edilə bilər: " Amma gəlir və xərclərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına niyə məlumat təqdim edilməlidir?".

Millət vəkili Yevda Abramov vaxtilə valyutadəyişmə məntəqələrinin ləğv edilməsinin əleyhinə olduğunu xatırladıb: "Valyutadəyişmə məntəqələri bağlanandan sonra həmin şəxslər evlərində valyutadəyişmə ilə məşğul olmağa başladılar. Mən bu məntəqələrinin açılmasını müsbət qarşılayıram".

Qeyd edək ki, qanun layihəsinə əsasən valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.