“Mənim Azərbaycanım” və “Koroğlu” yenidən nümayiş olunacaq

25 Aprel 2017 14:02 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyi IV İslam Həmrəyliyi Oyunları münasibətilə zəngin mədəni proqram hazırlayıb. Oyunların keçiriləcəyi günlərində proqrama uyğun olaraq Heydər Əliyev Sarayında da qonaqlara və turistlərə islam mədəniyyəti və Azərbaycanın zəngin mədəniyyəti və incəsənətini əks etdirən müxtəlif tədbirlər və konsert proqramları təqdim ediləcək.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən SİA-ya bildirilib ki, aprel ayında Bakı Şopinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq. Obrazlığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan və qonaqlar tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" yeni konsert proqramı və "Koroğlu" bir pərdəli milli baleti mayın 20 –də Heydər Əliyev Sarayında yenidən təqdim ediləcək.

Konsertin bədii rəhbəri və quruluşçusu Rusiyanın Xalq Artisti Dikalu Muzakaevdir.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.