Neftin qiyməti itkiləri bərpa edə bilirmi?

24 Aprel 2017 18:04 (UTC+04:00)

Dünya birjalarında neftin qiyməti keçən həftəki itkiləri bərpa etməyə başlayıb. Ötən həftə 49 dollar\barrelədək ucuzlaşan "Brent" markalı xam neftin qiyməti həmin itkiləri kompensasiya edir. Hazırda Londonun ICE birjasında "Brent" neftinin bir barreli 52,58 dollara alıcı axtarır.

Analitiklərin fikrincə, neftin qiymətinin yenidən 52 dollar\barrelə yüksəlməsinə səbəb bazarda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrinin hasilatın azaldılmasını nəzərdə tutan sazişin müddətini uzadacaqlarına inamın artmasıdır. Bundan başqa, qiymətə təsir edən əsas faktor isə ABŞ-da qazma quyularının və ehtiyatların artmasıdır.

Ekspertlər Amerika Neft İnstitutu (API) və ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən həftənin ortasında ölkədəki neft ehtiyatlarının həcminə dair açıqlayacaqları rəqəmlərin "Brent" neftinin qiymətini yenidən formalaşdıracağını düşünürlər.