"Bakı-2017" ilə bağlı "Azərenerji” ASC xüsusi iş rejiminə keçib

24 Aprel 2017 13:46 (UTC+04:00)

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı "Azərenerji" ASC xüsusi iş rejiminə keçib. SİA-nın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunları zamanı öz üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün ASC tərəfindən müvafiq işlər gerçəkləşdirilib. Səhmdar Cəmiyyətdə artıq bir neçə müddətdir ki, bununla bağlı lazımi təşkilati və texniki tədbirlər görülməyə başlanılıb. IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçirilib və iş qrafiki vaxta görə uyğunlaşdırılıb. Cavabdeh şəxslər bu xüsusda təlimatlandırılıb və onlardan ibarət yeni növbətçilik cədvəli tərtib edilib. Sistem əhəmiyyətli elektrik verilişi xətləri üzrə təftiş intensivləşdirilib və bu istiqamətdə mövcud olan nəzarət gücləndirilib.

"Azərenerji" ASC-nin rəhbərliyi tərəfindən bu gün qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ilə bağlı öz öhdəsinə düşən bütün vəzifələr bir daha nəzərdən keçirilib. Təchizatçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı ilə bağlı məsələlərə bir daha diqqət yetirilib. Bununla əlaqədar qarşıya qoyulan tapşırıqlara daha məsuliyyətlə yanaşılaraq, baş verə biləcək hər hansı bir hadisəyə hazırlıqlı olmağın vacibliyi ön plana çəkilib.