Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

21 Aprel 2017 17:56 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsmayıllı rayonunda inşa etdirdiyi 3 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib. Nazirlikdən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və onların yeni mənzillərlə təminatının ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala və digər rayonlarda müasir şəraitinə malik yeni fərdi yaşayış evləri Vətən torpağını müdafiə edənlərin ailələrinə verilib.

Ümumilikdə keçən il və bu ilin ötən dövründə 310-dək yeni mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Hazırda həmin təbəqədən olan digər ailələrin də mənzillə təmin olunması üçün paytaxtda və bölgələrdə tədbirlər görülür.

Qarabağ müharibəsi əlilləri yeni mənzillərlə təmin olunduqlarına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, maddi təminatlarının gücləndirilməsi və bu sahədə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını ifadə ediblər.