Erməni iş adamı Moskvada 3 milyon dollara görə öldürülüb

21 Aprel 2017 02:15 (UTC+04:00)

Rusiya paytaxtında erməni iş adamı öldürülüb. APA-nın "mk.ru" saytına istinadən verdiyi məlumata görə, Moskvanın cənubundakı ticarət mərkəzinin sahibi Aleksandr Baqiryan aprelin 19-da mühafizəçilərinin və şahidlərin qarşısında keçmiş şəriki tərəfindən güllələnib. İş adamına "Makarov" tipli tapançadan 5 dəfə atəş açılıb. Qarın nahiyəsindən ağır yaralanan A. Baqiryan xəstəxanada ölüb. Onun mühafizəçisi atəş açan şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarına təhvil verib.

Qeyd edək ki, sabiq ortaqların Moskva vilayətində alkoqollu içkilər üçün şüşə qablar istehsal edən müəssisi olub. İş adamları sonradan yollarını ayırsalar da, A. Baqiryanın şərikinə 3 milyon dollar borcu olduğu və onu qaytarmadığı bildirilir. Qətl və qanunsuz silah saxlama maddələri ilə bağlı cinayət işi açılıb.