Cocuq Mərcanlıda 1389 qəlpə tapılıb

21 Aprel 2017 01:04 (UTC+04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1389 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə, 65 min 125 kvadratmetr ərazi (3031 kvadratmetr əl ilə, 20 min 300 kvadratmetr mexaniki üsulla və 41 min 794 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.

ANAMA-nın məlumatında deyilir ki, 62 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi səkkiz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 981 min 62 kvadratmetr ərazi yoxlanılıb. 2 milyon 46 min 187 kvadratmetr ərazi (477 min 777 kvadratmetr əl ilə, 602 min 500 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 852 min 910 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Agentlik tərəfindən yanvarın 1-dən aprelin 20-dək 5132 partlamamış hərbi sursat, tank əleyhinə 107 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə, 2 milyon 104 min 201 kvadratmetr ərazi yoxlanılıb.