Azərbaycan 7 ixrac missiyası həyata keçirib AÇIQLAMA

20 Aprel 2017 11:52 (UTC+04:00)

Azərbaycan brendinin dünyada tanınması vacib məsələlərdən biridir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, brendin tanıdılması və inkişaf etdirilməsi çox mürəkkəb və xeyli vaxt tələb edən bir prosesdir: "Belə ki, alıcıların brendin xeyrinə qərar verməsində onların brendə inamı mühüm yer tutur. Bu məqsədlə qısa müddət ərzində (5 ay) Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə dövlət tərəfindən 7 ixrac missiyası həyata keçirilib. Eyni zamanda, bir çox beynəlxalq sərgilərdə Azərbaycan məhsullarının nümayiş etdirlir. Bununla yanaşı xarici bazarlarda reklam və marketinq fəaliyyətinin gücləndirilməsi ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Bütün bunlar Azərbaycan brendinin təbliği, inkişafı yönümündə mühüm tədbirlərdir. Bu kimi tədbirlər imkan verəcək ki, Azərbaycan brendi dünyada öz sözünü deyə bilsin".