Səyyad Aranın 65 illiyi qeyd olunub

19 Aprel 2017 17:03 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış yazıçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid yubilyarın həyat və yaradıcılığından danışıb. Onun ilk əmək fəaliyyətinə ədəbiyyat müəllimi kimi başladığını deyən natiq S.Aranı hər zaman yaradıcılıq axtarışında olan adam kimi xarakterizə edib. Vurğulanıb ki, o, ədəbi arenada sözünü deyən yazıçı olmaqla yanaşı, həm də ictimai-siyasi xadim kimi tanınır. Yubilyarı təbrik edən R.Məcid ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar çıxış edərək deyib: "Səyyad Aran çox gözəl yazıçıdır. Mən onunla yol yoldaşı olmuşam. O, eyni zamanda mənim üçün işıqlı bir insandır. Səyyad Aran müəllim kimi fəaliyyətə başlamasına baxmayaraq, eyni zamanda jurnalist kimi, siyasi xadim kimi, o cümlədən Yeni Azərbaycan Partiyasının qurucularından biri kimi də özünü təsdiqləyib. Həmçinin, yazıçı və tədqiqatçı alim kimi də Azərbaycanın həyatında çox mühüm bir yer tutur".

Yubilyarı təbrik edən Anar Azərbaycan Yazıçılar Birliyinin hədiyyəsini ona təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov yubilyarın zəngin yaradıcılıq məziyyətlərindən söz açıb. "Səyyad Aranın əsərlərində hissiyyatların zənginliyi ilə yanaşı, müdriklik və təmkin ön plandadır. O, ən zərif hisləri, istər siyasi, istərsə də psixoloji məzmunda müəllif səliqəsi ilə təqdim edir. Səyyad Aran imkan vermir ki, əsərlərindəki psixoloji təhlil anti-psixoloji təhlilə çevrilsin. O, məşğul olduğu bütün sahələrdə zəngin şəxsiyyətdir. Eyni zamanda, ədəbiyyatımıza və siyasətimizə hörmət gətirən adamdır", - deyə N.Cəfərov qeyd edib.

Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında yubilyarın yaradıcılığından, onun ictimai-siyasi xadim kimi fəaliyyətindən danışıb. Ən xoş arzularını yubilyara çatdıran deputat ona yaradıcılığında və siyasi fəaliyyətində uğurlar arzulayıb.

Sonra Xalq Yazıçısı Mövlud Süleymanlı, yazıçı Seyran Səxavət, professor Buludxan Xəlilov və digərləri çıxış edərək yazıçı haqqında xoş arzularını bölüşməklə yanaşı, yaradıcılığından, ictimai xadim kimi fəaliyyətindən danışıblar.

Tədbir çərçivəsində Səyyad Aranın "Sazaq" adlı kitabının təqdimatı olub.

Sonda Səyyad Aran tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və bundan sonra da Azərbaycan ədəbiyyatına böyük həvəslə xidmət edəcəyini söyləyib.