Astarada I rübün nəticələri müzakirə olunub

19 Aprel 2017 16:38 (UTC+04:00)

Astara rayon icra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. SIA-nın m’lumat;na görə, rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırıb.

Bildirib ki, birinci rübdə Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində proseslərin müsbət istiqamətdə getməsi, iqtisadi inkişafın təmin edilməsi, sosial məsələlərin öz həllini tapması onu göstərir ki, 2017-ci il ölkəmiz üçün uğurlu illərdən biri olacaqdır.

Birinci rübün yekunları Astara ictimaiyyəti üçün çox əlamətdar olub. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, əkinə yararlı torpaqların əkin dövriyəsinə qaytarılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə müəyyən işlər görülmüş, torpaqların əkilib becərilməsi üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi köməkliklər göstərilib. Görülən səmərəli tədbirlər nəticəsində 2016-cı ildə çəltik istehsalı 280 ton, çay istehsalı 225 ton, sitrus meyvələri istehsalı 7300 ton, tərəvəz istehsalı 385 ton, kartof istehsalı 585 ton artıb. Bu il üçün daha çox torpaqlarda əkin aparılıbki, bu da məhsul istehsalında böyük artımların olacağını göstərir.

2017-ci ilin I rübündə rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılıb. Yerli gəlirlər 1 milyon 10 min manata qarşı 1 milyon 134 min manat, yerli xərclər isə 1 milyon 461 min manata qarşı 1 milyon 90 min manat icra olunub.

İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi 2017-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 2.8 faiz artaraq 31.7 milyon manata çatıb.

Rayonda aqrar sahənin inkişafına diqqət nəticəsində əkinə yararlı torpaq sahələrinin dövriyyəsi xeyli artıb. 2016-2017-ci ilin payız qış mövsümündə 1442 hektar sahədə şum işləri aparılıb. Rayonda çəltikçilik, çayçılıq, sitrusçuluq və tərəvəzçilik təsərrüfatlarının genişləndirilməsindən ötrü müvafiq tədbirlər görülüb. Həmin şumlanan sahələrin 400 hektarına yaxın ərazisində çəltik əkini üçün hazırlıq işləri hal-hazırda davam etdirilir. Əkin sahələrinə suvarma suyunun itkisiz çatdırılması, su mənbələri və su ötürücü kanalların təmizlənməsi işləri davam etdirilir.

2017-ci ilin məhsulu üçün 141 hektarda buğda, 33 hektar sahədə arpa , 175 hektar paxlalı bitkilər, 39 hektar qarğıdalı, 922 hektar kartof, 911 hektar faraş tərəvəz, 30 hektar bostan bitkiləri, 138 hektar sahədə yonca əkilib. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hektar artıb.

Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahab Vahabov, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Astara Dəmir Yolu Stansiysının rəisi Akif Əliyev, "Araz" fermer təsərrüfatının rəhbəri Araz Rzayev, "AAAF Park Astara" MMC-nin direktor müavini Vüsal Məmmədov və başqaları çıxış ediblər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, doğrudan da 2017-ci ilin birinci rüübndə rayonda xeyli iş görülüb. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının kənd təsərrüfatı ilə məşğul olan əhali üçün yaratdığı əlverişli şərait nəticəsində rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalının ildən-ılə artması bizi çox sevindirir. Kənd təsərrüfatı sahələrinin inkişafı ölkəmiz üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Həm əkin sahələrinin artırılması, həm də istehsal edilən məhsullsrın çəkisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranmış fərqlər böyükdür. Təkcə çəltik əkininin 132 hektardan 436 hektara çatdırılması, eyni zamanda 100 hektara qədər məhsuldarlığı yüksək olan sitrus bağlarının salınması, tərəvəz, dənli-paxlalı bitkilərin əkin sahələrinin xeyli genişləndirilməsi aparılan səmərəli işlərin nəticəsidir. Lakin qazanılan uğurlar bizi arxayın salmamalı, rayonun ayrı-ayrı yaşayış məntəqələrində istifadəsiz qalan hektarlarla kənd təsərrüfatı üçün yararlı torpaqların tamamilə əkin dövriyyəsinə qaytarılmasına maksimum çalışmalıyıq. Məqsədimiz çəltik əkinini gələcəkdə 1000 hektara çatdırmaq və mövcud çay bağlarından əlavə daha 1000 hektara qədər yeni çay plantasiyaları salmaqdırsa, bunun üçün durmadan çalışmalı, məqsədyönlü şəkildə iş aparmalıyıq.

Rayonda aparılan tikinti abadlıq işləri, dəniz sahilində salınmış park-bulvarda yaradılan yüksək şərait, yol infrastrukturunun yaxşılaşdırılması turizm imkanları geniş olan rayonumuza gələn turistlərin sayında yüksək artımla müşahidə olunur. 2015-ci illə müqayisədə 2016-cı ildə rayona gələn turistlərin sayının dəfələrlə artması bu sahədə həyata keçirilən səmərəli tədbirlərinn nəticəsidir. Lakin müasir tələblərə cavab verən hotellərin inşa edilməsi, istirahət yerlərinin genişləndirilməsi, yerli adət-ənələrə uyğun bayram tədbirləri və məhsul festifalları, maraqlı stimullaşdırıcı digər tədbirlərin həyata keçirilməsi ilə rayonumuza turist axınına öz müsbət təsirini göstərəcəkdir.

Sərraf Mirsəfəroğlu