Attestasiya qiyməti açıqlandı

19 Aprel 2017 16:38 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyası və Palatanın əməkdaşları tərəfindən növbədənkənar (əlavə) yoxlamaların keçirilməsi ilə bağlı ödəniləcək haqların (yığımların) məbləğini müəyyənləşdirib.

SİA-nın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının "Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları"nda əksini tapıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası bütün nəzarət subyektlərində yerində yoxlamaların keçirilməsi zamanı 1 adam/saat üçün 30 manat müəyyənləşdirib. Palataya bank inzibatçılarının hər birinin attestasiyası üçün 500 manat, sığortaçıların rəhbər işçilərinin hər birinin attestasiyası üçün 300 manat haqq ödəniləcək. İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərlərinin, o cümlədən səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin hər birinin attestasiyası üçün 500 manat tələb olunacaq.