Goran-Mingəçevir mənzilində 3,6 km dəmir yolu əsaslı təmir olunur

18 Aprel 2017 13:22 (UTC+04:00)

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Goran-Mingəçevir mənzilində 3,6 km dəmir yolunun əsaslı təmirinə start verilib.

Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərov bildirib ki, təmir işləri üç gün davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 267 km dəmir yolu əsaslı təmir olunub.