Qafqazşünasların I Beynəlxalq Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB - SƏS TV

17 Aprel 2017 14:15 (UTC+04:00)

Bu gün Bakıda AMEA Rəyasət Heyəti və Qafqazşünaslıq Institutunun birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə onlara Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir. SİA-nın xəbərinə görə, iki gün davam edəcək foruma Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 nəfər alim və tədqiqatçılar qatılıb.
Forumda Qafqaz ölkələrinin daxili ictimai siyasi, iqtisadi şəraiti, geosiyasəti, xarici siyasəti, qarşılıqlı münasibətləri, böyük dövlətlərin və digər ölkələrinQafqaz siyasəti, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, törətdiyi soyqırımları və digər problemlərə həsr olunan 160 məruzə ediləcək və bu məsələlər 20 bölmə iclasında müzakirəyə çıxarılacaq.
Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda olub Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, üzərinə çiçək dəstələri qoyublar.
Forumun açılış mərasimi AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.
AMEA prezidenti akademik Akif Əlizadə geniş açılış nitqi ilə çıxış edib.
Sonra təbrik çıxışları olub. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Türk Tarix Qurumunun sədri professor Refik Turan, Rusiya Elmlər Akademiyası, Cənub Elm Mərkəzinin sədri akademik Gennadiy Matişov, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli, Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şaxrudin Qapurov, Böyük Britaniya Mərkəzi Asiya və Şərq Tədqiqatları Kral Cəmiyyətinin hüquqi üzvü professor Mixail Basxanov, ABŞ Koastol Karolina Universitetin tarix professoru Krisrofer Kann və AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı çıxış ediblər.
İki ildən bir keçirilməsi nəzərdə tutulan forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaşadığımız Qafqaz regionunu dərindən öyrənməyə dair verdiyi tövsiyyələrin yerinə yetirilməsində ilk sistemli addım olaraq qiymətləndirilib. Bildirilib ki, Xocalı Xocalıda mülki azərbaycanlı əhaliyə qarşı soyqırımını törətməklə Ermənistan dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib.
Çıxışlardan sonra AMEA prezidenti Akif Əlizadə AMEA-nın yubiley medalını Türk Tarix Qurumunun sədri professor Refik Turana, Rusiya Elmlər Akademiyası, Cənub Elm Mərkəzinin sədri akademik Gennadiy Matişov Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli, Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şaxrudin Qapurova təqdim edib.

Açılış mərasiminin davamında AMEA prezidentinin sərəncamı ilə yaradılan " Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası"nın və AMEA Qafqazşünaslıq İnsititutunun təşəbbüs və rəhbərliyi ilə Azərbayca, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsrail, Gürcüstan və özbəkistan alim və tədqiqatçılarının erməni terror təşkilatlarının, daşnak Ermənistanın indiki Ermənistanın azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri kütləvi qırğınlardan və soyqırımılarından bəhs edən rus və ingilis dillərində məqalələrin toplandığı " Soyqırım həqiqətləri" kitabının təqdimat mərasimi keçirilib.

Sonda AMEA Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyası Cənub Elmi Mərkəzi və yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutu arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb. Sənədləri AMEA Qaqazşünaslıq İnstitutun direktoru Musa Qasımlı, Rusiya Elmlər Akademiyası Cənub Elmi Mərkəzinin sədri akademik Gennadiy Matişov və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi Tarix İnstitutunun sirektoru professor Kamal Çiçək imzalayıb.