AzVİF dopinq qalmaqalı ilə bağlı açıqlama yaydı

14 Aprel 2017 17:34 (UTC+04:00)

Azərbaycan Velosiped İdmanı Federasiyası Elit yığma komandamızın və "Synergy Baku" kontinental klubunun üzvü Maksim Averinin qanında qəbulu qadağan edilmiş meldonium preparatının tapılması ilə bağlı açıqlama yayıb. SİA həmin açıqlamanı olduğu kimi nəzərinizə çatdırır:

"Azərbaycanın Elit yığma komandası və "Synergy Baku" kontinental klubunun üzvü Maksim Averinin qanında qəbulu qadağan edilmiş meldonium preparatının tapılması ilə bağlı xəbər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən böyük narahatlıqla qarşılanıb. Beynəlxalq Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən adı çəkilən preparatın idmançının orqanizminə hansı şəraitdə düşməsi ilə bağlı araşdırılma aparıldığı müddətdə Maksim Averin yığma komandadan və klubdan kənarlaşdırılıb. İdmançı ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan sonra veriləcək".