Gürcüstanda Milli Qəhrəmana həsr olunmuş sənədli film təqdim olunub

13 Aprel 2017 14:35 (UTC+04:00)

Gürcüstanda Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə hazırladığı və Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib. Şuradan SİA-ya veriləm məlumata görə, qonşu ölkənin soydaşlarımızın kompakt məskunlaşdıqları Marneuli rayonunda düzənlənmiş mərasimdə MŞ sədri, Milli Məclisini deputatı Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həzənov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantını Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva tədbiri açıb. Ə.Amaşov çıxışında Azərbaycan və Gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən söz açıb. O bildirib ki, hər iki xalqı ortaq dəyərlər birləşdirdiyi kimi ortaq talelər də birləşdirir. Bu baxımdan işğal amilini qabardan deputat hazırkı status-kvonun tezliklə aradan qalxacağına, haqq-ədalətin öz yerini tutacağına əminliyini vurğulayıb. Ə.Amaşov həmçinin bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filmi Milli Qəhrəman Murad Mirzəyevin şücaəti timsalında tarixə "4 günlük müharibə" kimi düşən savaşda Azərbaycan Ordusunun qüdrətindən söhbət açılır.

Ə.Amaşovun çıxışından sonra sənədli filmin nümayişinə keçid alınıb. Filmdə Milli Qəhrəman Murad Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunub. Həmçinin M.Mirzəyevin 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı ayrı aspektləri də filmin sujet xəttini təşkil edib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani və Ruslan Hacıyev, habelə Agsaqqallar Şurasının sədri İsaq Novruzov, bələdiyyə sədri Nəbi Abdullayev, gənclərdən Elşən Çobanov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanlığından danışıblar. Toplantıda onların əziz xatirəsinin daim ürəklərdə yaşayacağına, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik ifadə olunmaqla yanaşı bildirilib ki, hərbi vətənpərvərlik ruhunda filmlərin nümayişi gənclərin mənəvi sağlamlığına böyük təkan verir.

Qeyd edək ki, "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən olan 32 dəqiqəlik "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filminin baş məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Ekran işinin müəllifi isə rejissor və ssenarist Bəxtiyar Qaracadır.