Uçuş mühəndisliyi ixtisasını seçən abituriyentlərin nəzərinə

13 Aprel 2017 10:31 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün Milli Aviasiya Akademiyasının (MAA) uçuş mühəndisliyi və hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin abituriyentlər Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasının həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinədən və psixoloji peşə seçimi müsabiqəsindən, MAA-da isə fiziki hazırlıq üzrə" qabiliyyət müsabiqəsindən keçməlidirlər.

Abituriyentlərin tibbi müayinəsi aprelin 3-də başlayıb və mayın 12-dək davam edəcək. Aprelin 10-dan başlanan psixoloji peşə seçimi üzrə qabiliyyət müsabiqəsi isə mayın 12-nə kimi Aviasiya Poliklinikasında şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9:00-dan 16:00-dək aparılacaq. Xüsusi tibbi müayinədən keçmiş abituriyentlər arasında fiziki hazırlıq üzrə qabiliyyət müsabiqəsi isə aprelin 22-də və 29-da, mayın 5-də və 13-də MAA-da saat 9:00-dan etibarən keçiriləcək.