ƏƏSMN-in e-xidmətlərindən 3 milyona yaxın istifadə qeydə alınıb

13 Aprel 2017 10:15 (UTC+04:00)

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərindən 2 milyon 606 min 638 dəfə istifadə qeydə alınıb. Bu barədə SİA-ya ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu dövrdə "Elektron hökumət" portalına müraciətlərin yarıdan çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar bu sahələrdə elektron texnologiyaların geniş şəkildə tətbiqinə, əhalinin əmək və sosial müdafiə sahələri üzrə elektron müstəvidə xidmətlərlə təmin olunmasına şərait yaradıb.

Hazırda nazirliyin əhali üçün aktual olan iş sahələrində 30-a yaxın e-xidmət vətəndaşların istifadəsindədir. Geniş istifadəçi kontingenti ilə seçilən bu e-xidmətlərdən vətəndaşlar təkcə cari ilin yanvar-mart aylarında 2 milyon 606 min 638 dəfə faydalanıblar.

Mütərəqqi innovasiyalar əsasında əmək və sosial müdafiə sahələrində idarəetmə sisteminin səmərəli təşkili təmin olunmaqla bərabər, avtomatlaşdırılmış infrastruktur üzərində təqdim olunan e-xidmətlər həmin sahələrlə bağlı xidmətlərin vətəndaşlar üçün rahatlığına və əlçatanlığına, əhalinin bu xidmətlərdən online rejimdə tam şəffaf şəraitdə faydalanmasına imkan verib. Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron nailiyyətləri BMT, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası və digər mötəbər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib. Bu sahədə ölkəmizlə təcrübə mübadiləsi aparmağa maraq göstərən ölkələrin sayı getdikcə artır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən vətəndaşlara online rejimdə, rahat və şəffaf şəraitdə istifadə imkanlarının yaradılması işlərinin davamı kimi, bu günlərdə növbəti yenilik olaraq fərdi uçot əsaslı vahid rüblük hesabat alt sistemi də işə salınıb. Bu yeni sistem sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsinə, hesabatların təqdim olunması prosesinin daha da sadələşdirilməsinə imkan verib. Sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununa əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir.

Rüblük hesabatların sığortaedənlər tərəfindən elektron sənəd formasında elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir.

Bununla yanaşı, çoxsaylı müraciətləri nəzərə alaraq işəgötürən qismində çıxış etməyən, yəni işçisi olmayan sığortaedənlərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün Elektron hökumət portalının istifadəçi adı və şifrədən istifadə etmək imkanları verilib.

Əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlər ölkədə "Elektron hökumət" portalının əhatə dairəsinin də əhəmiyyətli şəkildə genişlənməsinə səbəb olub. Cari ilin birinci rübü ərzində portala müraciətlərin (4 milyon 949 min 911 müraciət) yarıdan çoxu və ya 52,6 faizi məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin payına düşüb.