Azərbaycan və Xorvatiya XİN başçıları görüşüb

12 Aprel 2017 18:44 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və "Şərq Tərəfdaşlığı" ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Davor İvo Stier ilə görüşüb. XİN-in mətbuat xidmıətindən SİA-ya verilən məlumata görə, D.İ.Stier dövlətlər arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının məmnunluq doğurduğunu, xüsusilə enerji sektorunda əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Azərbaycanın rolunu xüsusi qiymətləndirib.

E.Məmmədyarov enerji sahəsində əməkdaşlığa toxunaraq, TAP layihəsi barəsində yeniliklərlə həmsöhbətini məlumatlandırıb. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar olduğunu söyləyən nazir bu xüsusda dəniz gəmiçiliyi, gəmi quraşdırma, eləcə də dərman istehsalı sahəsində əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı ola biləcəyini vurğulayıb. O, 4-6 may 2017-ci il tarixində Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunda Xorvatiyadan olan nümayəndələrin iştirakına ümidvar olduğunu bildirib.

E.Məmmədyarov Xorvatiya hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib.